Elm və Təhsil Nazirliyinin süni intellekt əsaslı platformaların yaradılması ilə bağlı elan etdiyi tender bu texnologiyanın təhsil sistemində tətbiqini yenidən gündəmə gətirib. Dünyanın bir çox ölkəsində artıq süni intellekt fərdiləşdirilmiş təhsil, avtomatik qiymətləndirmə və tədris prosesinin idarə olunmasında geniş istifadə edilir. Bununla yanaşı, məlumatların təhlükəsizliyi, qiymətləndirmənin obyektivliyi və müəllimin rolunun necə dəyişəcəyi də müzakirə olunan məsələlərdəndir.
Bəs Azərbaycan təhsil sistemi süni intellektin geniş tətbiqinə nə dərəcədə hazırdır? Süni intellekt hazırkı mərhələdə Azərbaycan təhsil sistemində hansı sahələrdə ən effektiv şəkildə tətbiq oluna bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında təhsil eksperti, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən 2,5 milyon manatlıq tender və tərəfdaş şirkətlərlə birlikdə EduSLM süni intellekt mentorunun istifadəyə verilməsi Azərbaycan təhsilində yeni mərhələnin başlanğıcı sayıla bilər.
Onun sözlərinə görə, Azərbaycanın təhsil sistemi süni intellekt əsaslı tətbiqlərin istifadəsi və infrastruktur baxımından qismən hazırdır. Lakin bu texnologiyaların tam inteqrasiyası üçün pedaqoji heyətin hazırlıq səviyyəsi və regionlar arasında mövcud olan rəqəmsal bərabərsizlik hazırda əsas maneələrdən biridir: “Ölkə üzrə rəqəmsal təhsil platformalarının istifadəçi sayının 2 milyona çatması vahid və “Böyük verilənlər” bazasının formalaşmasına imkan verib. Pandemiya dövründə təhsil ictimaiyyətinin "Virtual Məktəb" platformasından geniş istifadə etməsi də bu sahədə mühüm təcrübə yaradıb. Məhz bu baza süni intellekt modellərinin yeni kurikuluma uyğun öyrədilməsi üçün mühüm infrastruktur rolunu oynaya bilər və Azərbaycanın texnoloji hazırlığının ən güclü elementlərindən biridir.
Bununla yanaşı, region məktəblərində yüksək sürətli internet təminatının qeyri-bərabər olması, eləcə də rəqəmsal alətlərə çıxış imkanlarının məhdudluğu ciddi problem olaraq qalır. Bu səbəbdən süni intellekt texnologiyalarının kütləvi tətbiqi müəyyən hallarda təhsildə bərabərsizliyi daha da dərinləşdirə bilər”,

İ.Orucov vurğulayıb ki, bu prosesdə kadr hazırlığına və pedaqoji heyətin bacarıqlarının artırılmasına da xüsusi diqqət yetirilməlidir: “Hazırda müəllimlərin böyük əksəriyyəti süni intellekt alətlərindən yalnız fərdi təşəbbüslə, elementar və həvəskar səviyyədə istifadə edir. "EduSLM" və "Süni İntellektlə Müasir Məktəb" kimi pilot layihələr çərçivəsində ilk mərhələdə Bakı, Qarabağ bölgəsi və Gəncə rayonlarında 120-dən çox müəllim təlimlərə cəlb olunub. Lakin bu göstərici ümumi təhsil sistemi üçün kifayət etmir. Süni intellektin Azərbaycan təhsilində genişmiqyaslı pedaqoji dəyişikliklərə səbəb olmasından əvvəl, nazirliyin elan etdiyi tender və dövlət strategiyasına uyğun olaraq texnologiyanın üç əsas istiqamətdə tətbiqi daha məqsədəuyğundur. Bunlar inzibati idarəetmə, fərdiləşdirilmiş təhsil, həmçinin avtomatlaşdırılmış qiymətləndirmə və müəllim köməkçisi funksiyalarının inkişafıdır”.
İ.Orucov risk faktorlarına da toxunaraq bildirib ki, ilk növbədə məlumat təhlükəsizliyi məsələsi diqqətdə saxlanılmalıdır: “Şagirdlərin şəxsi məlumatlarının və davranış qeydlərinin sızması riski mövcuddur. Bunun qarşısını almaq üçün “Milli bulud” infrastrukturunun yaradılması və lokal şəbəkələrdən istifadənin genişləndirilməsi vacibdir.
Digər mühüm risk faktoru isə idrak passivliyidir. Belə ki, şagirdlərin analitik düşünmək əvəzinə tapşırıqları birbaşa süni intellekt vasitəsilə yerinə yetirməsi təhlükəsi yaranır. Hazırda bu tendensiya məktəblərdə kifayət qədər geniş yayılıb”.
Ekspert, müəllim amilinin də diqqətdən kənarda qalmamalı olduğunu bildirib. Onun sözlərinə görə, süni intellekt müəllimi əvəz etməməli, yalnız onun köməkçisi funksiyasını yerinə yetirməlidir. Süni intellekt müəllimin işini asanlaşdıran, tədris prosesini daha səmərəli təşkil etməyə xidmət edən bir alət kimi qiymətləndirilməlidir.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər