Dünya Xalqları Assambleyasının Yazıçılar və Oxucular Ədəbi Şurasının həmsədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Eldar Əhədov "The Noble Laureate Award" beynəlxalq mükafatının verilməsi üzrə Azərbaycan Milli Komitəsinin prezidenti təyin edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Report"a Eldar Əhədov özü bildirib.
Onun sözlərinə görə, Mükafatın Ümumdünya Komitəsi milli komitələrin rəhbərlərini dürüstlüyü, liderlik keyfiyyətləri, nailiyyətləri və ədəbiyyata, incəsənətə və mədəniyyətə uzun illər davam edən sadiqliyi ilə fərqlənən xadimlər arasından seçir.
"Mən Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü "The Noble Laureate Award" mükafatı üzrə Azərbaycan Milli Komitəsinin prezidenti seçilməyimi böyük şəxsi məsuliyyət və "The Noble Laureate Award" mükafatının Ümumdünya Komitəsi tərəfindən mənə göstərilən böyük etimad kimi qəbul edirəm", - o qeyd edib.
E.Əhədov bildirib ki, mükafatın verilməsi haqqında yekun qərar milli komitələr tərəfindən tövsiyə olunan və beynəlxalq ekspert qiymətləndirməsindən keçmiş namizədlərin keyfiyyəti əsasında qəbul ediləcək:
"Seçimin əsas meyarları ədəbiyyata verilən töhfə, orijinallıq, dürüstlük, uzunmüddətli təsir və yaradıcılıq fəaliyyəti vasitəsilə bəşəriyyətə xidmətdir".
Onun sözlərinə görə, laureatlar "The Noble Laureate Award" rəsmi laureatı adını, sertifikat və xatirə mükafatını, eləcə də laureatların rəsmi reyestrinə daxil edilməni, həmçinin beynəlxalq mədəni təşəbbüslərdə, konfranslarda, nəşrlərdə, birgə layihələrdə iştirak etmək kimi bir sıra digər imkanları da əldə edəcəklər.
E.Əhədov həmçinin qeyd edib ki, gələcəkdə təşkilat beynəlxalq əməkdaşlığın genişləndirilməsini, birgə mədəni və təhsil layihələrinin həyata keçirilməsini, sərgilərin, mühazirələrin və konfransların təşkilini, eləcə də müxtəlif ölkələrin mədəniyyət müəssisələri ilə tərəfdaşlığın inkişaf etdirilməsini planlaşdırır.

Şərhlər