Qərb Vladimir Putinə Ukrayna ilə bağlı açıq mövqeyini nümayiş etdirməyincə, Rusiya başçısı müharibəyə son qoymayacaq.

“AzPolitika” xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Sky News”-a verdiyi müsahibədə deyib.

"Bu işə son qoymalıyıq. Bunun indiyə qədər bitməməsinin səbəblərindən biri də Putinin bizim, Qərbin nə istədiyimizi həqiqətən bilməməsidir. Putin Ukrayna ilə bağlı qeyri-müəyyənliyi qorumaq şansı olduğunu düşündüyü müddətcə hücumları davam etdirəcək", - deyə Conson bildirib.

O, həmçinin müharibəyə son qoymağın ən effektiv yollarından birinin Ukraynanı NATO-ya qəbul etmək olduğunu deyib.

"Vaşinqton, London, Paris - hər yerdə - əvvəllər rəsmi siyasət olanı, yəni Ukraynanın NATO-ya qoşulmalı olduğunu təkrarlamalıdırlar ", - deyə siyasətçi bildirib.

Conson həmçinin hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Putinə sərt təzyiq göstərə və onu dayanmağa məcbur edə biləcək şəxsdir. 

“Tramp Putinə həqiqətən təzyiq göstərə və işi bitirə biləcək şəxs ola bilər. Xarici siyasət təşəbbüslərinə gəldikdə, bu adamın kifayət qədər sərt tədbirlər görməyə hazır olduğuna şübhə yoxdur", - deyə o qeyd edib və əlavə edib ki, Tramp İrana qarşı güc tətbiq edən ilk Amerika prezidenti olub.

Qeyd edək ki, bundan öncə Donald Tramp Ukraynadakı müharibənin 2029-cu ilə qədər, yəni öz səlahiyyət müddətinin bitməsindən əvvəl başa çata biləcəyini deyib. O, həmçinin Vladimir Putinin sülh sazişi üzrə danışıqlara hazır olduğuna inandığını bildirib.

Polşanın Baş naziri Donald Tusk isə Putinin mövqeyi nəzərə alınmaqla, tez bir zamanda sülhə nail olunmayacağını hesab edir. Onun fikrincə, Rusiya müharibəni ən azı qışda da davam etdirmək istəyəcək.

Göründüyü kimi, Ukraynadakı müharibənin ilk günlərində Britaniyanın Baş naziri kimi Kiyevə hər cür siyasi və hərbi dəstəyilə tanınan Conson, hazırda da Rusiyaya qarşı sərt xəttin və konkret, məqsədli siyasətin tərəfdarı kimi çıxış edir. Onun da hesab etdiyi kimi, məhz daha sərt və konkret addımlara əsaslanan siyasət Rusiyaya təzyiqləri maksimum həddə qədər artıra və Ukraynada 5-ci ildir davam edən qanlı savaşa son qoya bilər.

C.Məmmədli

“AzPolitika.info”