Azərbaycanda beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində yeni addımlar atılır. Prezident İlham Əliyevin təsdiq etdiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planına əsasən, ölkədə çevik iş vaxtı rejimi modellərinin yaradılması və bununla bağlı normativ hüquqi akt layihələrinin hazırlanması nəzərdə tutulur.

Bəs çevik iş vaxtı rejimi nədir, hansı üstünlükləri var və bu model əməkhaqqına necə təsir edə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya bildirib ki, çevik iş vaxtı rejimi işçinin gündəlik işə başlama və bitirmə saatlarının müəyyən çərçivədə dəyişdirilməsinə imkan verən əmək təşkilatı modelidir: "Bu sistemdə əsas şərt odur ki, işçi qanunvericiliklə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş ümumi iş saatını tamamlasın. Məsələn, işçi bir gün saat 08:00-da, digər gün isə 10:00-da işə başlaya bilər, lakin nəzərdə tutulan iş vaxtını tam işləməlidir".

İqtisadçı qeyd edir ki, bu modelin əsas üstünlüklərindən biri işçi üçün vaxtın daha səmərəli planlaşdırılmasına şərait yaratmasıdır: "Nəqliyyat sıxlığından yayınmaq, ailə və şəxsi işlərlə peşə fəaliyyətini daha rahat uzlaşdırmaq, stressi azaltmaq və iş məhsuldarlığını artırmaq baxımından müsbət təsirləri ola bilər. İşəgötürənlər üçün isə iş prosesinin daha çevik təşkili və əmək məhsuldarlığının yüksəlməsi kimi üstünlüklər yarada bilər".

Maaş məsələsinə gəldikdə isə ekspert bildirib ki, çevik iş vaxtı rejimi özü-özlüyündə əməkhaqqının azalması və ya artırılması demək deyil: "Əgər işçi əmək müqaviləsində nəzərdə tutulan iş vaxtını tam yerinə yetirirsə və əmək funksiyalarını icra edirsə, onun əməkhaqqı əvvəlki qaydada ödənilməlidir. Əməkhaqqında dəyişiklik yalnız tərəflərin razılığı ilə əmək müqaviləsinə edilən dəyişikliklər və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslar olduqda mümkündür.

Bununla yanaşı, çevik iş vaxtı rejiminin tətbiqi hər sahədə mümkün olmaya bilər. Xüsusilə istehsalat, xidmət, səhiyyə, təhlükəsizlik və fasiləsiz fəaliyyət göstərən müəssisələrdə işin xarakterindən asılı olaraq bu model məhdud şəkildə və ya ümumiyyətlə tətbiq edilməyə bilər. Daha çox ofis işi və məsafədən icrası mümkün olan peşələrdə bu rejimin tətbiqi real görünür".

E. Bəyməmmədli

"AzPolitika.info"