İlham Əhmədov, dosent

Bu ərəfədə ETN rəsmisi deyirdi ki, ən yaxşı təhsili ölkədən çıxmadan almaq imkanları genişlənir. Bu fikir prinsip etibarilə doğru və müsbət mesajdır. Görəsən bu məqsədə hansı model tətbiq olunacaq?

XXI əsrin dünya təcrübəsi bu suala artıq aydın və birmənalı cavab verib –ölkədən çıxmadan yüksək keyfiyyətli təhsil almağın ən səmərəli yolu milli distant və rəqəmsal təhsil sisteminin yaradılmasıdır. Əgər bu əsas mexanizm strateji olaraq kənarda qalırsa, onda hədəfi rəqəmsal inkişaf, innovativ iqtisadiyyat, rəqəmsal transformasiya olan ölkənin hədəfləri ilə ETN-nin seçdiyi vasitələr arasında çox ciddi ziddiyyət yaranır.

Məqlənin adını oxuyanda elə bildim ki, nəhayət ki, ETN səhvini anlayıb, distant təhsilə yaşıl işıq yandırıb. Çünki, bunun ən mükəmməl yolu məhz distant təhsildir. Amma bu haqda yazıda heç nə deyilmirdi. Təəssüf ki, mətni oxuyanda heç bir unikallıq və yenilik görmədimk.

Görəsən ETN nə vaxta qədər velosiped kəşf edib, buna innovasiya, inkişaf deyəcək? Bu yanaşma ilə ölkəni rəqəmsal transformasiya etmək, innovativ inkişafa nail olmaq, rəqımsal insan kapitalı yaratmaq mümkün deyil.

Distant təhsil rəqəmsal inkişafın, transformasiyanın fundamenti olmalıdır, avtomobilin 5-ci təkəri yox.

Rəqəmsal transformasiya layihələr toplusu deyil, sistem dəyişikliyidir

Bu gün təhsildə "rəqəmsallaşma" termini çox işlədilir. Elektron jurnal, elektron qəbul, rəqəmsal sənəd dövriyyəsi, müxtəlif informasiya sistemləri və platformalar çox vaxt rəqəmsal transformasiya kimi təqdim edilir. Nazirin bu ərədfədə rəqəmsal inkişafa həsr edilən iclasdakı çıxışı da bu səviyyədə idi. Halbuki, beynəlxalq elmi ədəbiyyatda və OECD, UNESCO, Dünya Bankı kimi qurumların sənədlərində rəqəmsal transformasiya anlayışı daha geniş məna daşıyır.

Rəqəmsal transformasiya sadəcə texnologiyaların tətbiqi deyil. O, idarəetmə modelinin, xidmətlərin təşkili formasının, öyrənmə mühitinin və insan kapitalının formalaşması fəlsəfəsinin dəyişməsidir. Təhsil sahəsində isə bu transformasiyanın mərkəzində distant və hibrid təhsil dayanır. Çünki məhz bu model təhsili məkan və zaman məhdudiyyətlərindən azad edir, ömürboyu öyrənməni təmin edir və fərdiləşdirilmiş təhsil imkanları yaradır.

Distant təhsil rəqəmsal transformasiyanın nüvəsidir

Dünyanın aparıcı universitetləri – MIT, Harvard, Stanford v.s. universitetlər artıq 30 ildir ki, distant və hibrid təhsil modellərini inkişaf etdirirlər. Coursera, edX, FutureLearn kimi platformalar milyonlarla insana dünyanın ən yaxşı universitetlərindən təhsil almaq imkanı yaradır.

Bu ölkələr distant təhsili ənənəvi təhsilin rəqibi deyil, onun strateji davamı kimi qəbul edirlər. Çünki müasir iqtisadiyyat çevik, fasiləsiz və fərdiləşdirilmiş öyrənmə tələb edir.

Azərbaycan isə hələ də distant təhsili əsas inkişaf istiqaməti kimi qəbul etmir. Nəticədə rəqəmsal transformasiya çox vaxt elektron xidmətlərin genişləndirilməsi ilə məhdudlaşır. Halbuki elektron xidmətlər vacib olsa da, onlar təhsil sisteminin mahiyyətini dəyişmir.

Ən yaxşı təhsili ölkədən çıxmadan necə almaq olar?

Əgər məqsəd həqiqətən də gənclərə ölkədən çıxmadan dünya səviyyəli təhsil verməkdirsə, bunun yolu milli distant universitet platformasının yaradılması, dünyanın aparıcı universitetləri ilə ortaq rəqəmsal proqramlar, ikili diplomlu onlayn proqramlar, açıq təhsil resurslarından geniş istifadə, süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə, mikrosertifikat və modul əsaslı təhsil olmalıdır.

Bu model sayəsində tələbə Bakıda, Gəncədə, Lənkəranda və ya ucqar kənddə yaşayaraq dünyanın aparıcı professorlarının mühazirələrini dinləyə, beynəlxalq layihələrdə iştirak edə və rəqabətqabiliyyətli bilik əldə edə bilər. Əgər bu mexanizm qurulmadan yalnız ayrı-ayrı layihələr həyata keçirilirsə, "ən yaxşı təhsili ölkədən çıxmadan almaq" ideyası praktik yox, şüar xarakteri daşıyar.

Velosipedi yenidən kəşf etmək sindromu

İdarəetmədə uğursuz modellərdən biri də artıq dünyada uğurla tətbiq edilmiş modelləri yenidən "ixtira etməyə" çalışmaqdır. Bu gün dünya rəqəmsal universitetlər, Sİ əsaslı öyrənmə sistemləri, açıq elm platformaları və virtual laboratoriyalar qurur. Biz isə hələ də distant təhsilin əhəmiyyəti barədə müzakirələr aparır və yenə də qadağalar tətbiq edirik.

İnnovasiya mövcud dünya təcrübəsini görməməzlikdən gəlib hər şeyi sıfırdan qurmağa çalışmaq deyil. Əsl innovasiya sübut olunmuş beynəlxalq təcrübəni milli xüsusiyyətlərə uyğunlaşdırmaq, onu daha səmərəli və yaradıcı şəkildə tətbiq etməkdir.

Rəqəmsal insan kapitalı necə formalaşır?

Bu gün dövlətlərin əsas sərvəti rəqəmsal bacarıqlara malik insan kapitalıdır. Rəqəmsal insan kapitalı rəqəmsal savadlılıq, süni intellektdən səmərəli istifadə bacarığı, məlumatların təhlili, tənqidi və sistemli düşünmə, yaradıcı problem həlli, ömürboyu öyrənmə vərdişləri kmim xüsusiyyətlərə malikdir. Bu keyfiyyətləri formalaşdırmaq üçün təhsil sistemi özü rəqəmsal transformasiyadan keçməlidir. Ənənəvi auditoriya modeli üzərində qurulmuş sistemlə rəqəmsal iqtisadiyyat üçün insan kapitalı hazırlamaq çətindir.

Süni intellekt dövründə distant təhsil yeni məzmun qazanır

Generativ süni intellekt distant təhsili sadəcə videodərslər toplusundan fərdiləşdirilmiş öyrənmə ekosisteminə çevirir. Sİ əsaslı mentorlar, adaptiv qiymətləndirmə, öyrənmə analitikası və virtual laboratoriyalar hər bir tələbənin ehtiyacına uyğun təhsil trayektoriyası qurmağa imkan verir. Beləliklə, məsələ artıq "onlayn dərs keçmək" deyil, insan və süni intellekt əməkdaşlığına əsaslanan yeni pedaqoji model yaratmaqdır.

Strateji boşluq

Əgər ölkəninrəqəmsaltransformasiyastrategiyasındadistanttəhsil əsasprioritet deyilə, onda layihələr arasında əlaqəsizlik, resursların səmərəsiz istifadəsi, beynəlxalq rəqabət qabiliyyətinin zəifləməsi, regionlar arasında təhsil bərabərsizliyinin dərinləşməsi, ömürboyu öyrənmə sisteminin formalaşmaması kimi ciddiriskləryaranır. Bu halda rəqəmsallaşma sistem dəyişikliyi deyil, ayrı-ayrı texnoloji layihələrin məcmusu olaraq qalır.

Azərbaycan üçün alternativ model

Azərbaycanın ehtiyacı olan model aşağıdakı sütunlara əsaslanmalıdır:

MilliDistantTəhsil İnkişafProqramı (2026–2035) (bumodelinilkinversiyasını biz hələ 2005-ciildə TN-ə təqdimetmişdik, rəhbəliyi dedi ki, mənə distant təhsil lazım deyil) ;

Milli Rəqəmsal Təhsil Platforması;

Sİ əsaslı fərdiləşdirilmiş öyrənmə sistemi;

Virtual Milli Universitet şəbəkəsi;

Milli mikrosertifikat və ömürboyu öyrənmə platforması;

təhsil analitikası və rəqəmsal insan kapitalı monitorinq sistemi.

Bu komponentlər vahid strategiya çərçivəsində fəaliyyət göstərməlidir. Düşünürəm ki, ölkənin rəqəmsl inkişafına məsul olan qurumlar 20 ildən sonra nəhayət ki, bu təklifləri nəzərə alacaqdır.

Beləliklə, görürük ki, ən yaxşı təhsili ölkədən çıxmadan almaq ideyası real və strateji baxımdan düzgündür. Lakin bu hədəfə nail olmağın yolu artıq beynəlxalq təcrübədə təyin edilib. Bu yol distant təhsilin, rəqəmsal platformaların və süni intellekt əsaslı öyrənmə sistemlərinin qurulmasından keçir. Əgər distant təhsil hələ də təhsil siyasətində layiqli yerini tapmayıbsa, onda nəinki təhsildə, eləcə də ölkədə rəqəmsal transformasiyadan danışmaq çətinləşir. Rəqəmsal inkişafın fundamenti olmayan sistemdə elektron xidmətlərin və ayrı-ayrı layihələrin artması mahiyyəti dəyişmir.

Distant təhsil rəqəmsal transformasiyanın "maşının beşinci təkəri" deyil, sanki, onun mühərriki və şassisidir. Mühərrik olmadan avtomobili hərəkət etdirə bilmədiyi kimi, distant təhsil və vahid rəqəmsal strategiya olmadan da rəqəmsal insan kapitalı formalaşdırmaq, innovativ iqtisadiyyat qurmaq və qlobal rəqabətdə uğur qazanmaq mümkün deyil.

XXI əsrdə ölkələrin rəqabət üstünlüyü yalnız yaxşı universitet binaları ilə deyil, vətəndaşlarına dünyanın ən keyfiyyətli təhsilini istənilən yerdən, istənilən vaxt təqdim edə bilən rəqəmsal təhsil ekosistemi ilə ölçüləcək. Azərbaycanın da strateji seçimi çox gec olsa da, məhz bu istiqamətdə olmalıdır.