Azərbaycanda əmək bazarında maaş fərqləri iqtisadi fəaliyyət sahələrindən asılı olaraq ciddi şəkildə dəyişir. 

"AzPolitika" Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə orta aylıq nominal əməkhaqqı 1 175 manat olsa da, bəzi sektorlarda bu göstərici orta maaşı iki, hətta üç dəfə üstələyir.

Ən yüksək əməkhaqqı ödənilən sahələrin siyahısına mədənçıxarma sənayesi başçılıq edir.

Bu sektorda çalışanların orta aylıq əməkhaqqı 4 405,7 manat təşkil edir. Qeyri-dövlət sektorunda isə maaş daha yüksək – 5 289,4 manat, dövlət müəssisələrində isə 2 555,6 manatdır. 

İkinci yerdə maliyyə və sığorta fəaliyyəti qərarlaşıb. Bu sahədə orta aylıq əməkhaqqı 3 185,9 manatdır. Dövlət sektorunda çalışanların orta maaşı 4 797,3 manat, özəl sektorda isə 2 824,1 manat təşkil edir. 

İlk üçlüyü informasiya və rabitə sektoru tamamlayır. İKT sahəsində orta əməkhaqqı 2 133,6 manatdır. Özəl sektorda bu göstərici 2 268,7 manat, dövlət sektorunda isə 1 916 manat təşkil edir. 

Yüksək maaş verilən sahələr sırasında peşə, elmi və texniki fəaliyyət də yer alır. Burada orta aylıq əməkhaqqı 1 949,9 manat, özəl sektorda isə 2 379 manat səviyyəsindədir. Hüquq, mühəndislik, konsaltinq və elmi-tədqiqat istiqamətləri bu kateqoriyaya daxildir.

Beşinci pillədə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsi qərarlaşıb. Orta əməkhaqqı 1 734,7 manat təşkil edir. Ardınca nəqliyyat və anbar təsərrüfatı gəlir. Bu sahədə orta maaş 1 570,7 manatdır.

Ən yüksək əməkhaqqı olan sahələr belədir:

Sıraİqtisadi fəaliyyət sahəsiOrta aylıq əməkhaqqı (manat)
1Mədənçıxarma sənayesi4 405,7
2Maliyyə və sığorta fəaliyyəti3 185,9
3İnformasiya və rabitə2 133,6
4Peşə, elmi və texniki fəaliyyət1 949,9
5Dövlət idarəetməsi və müdafiə1 734,7
6Nəqliyyat və anbar təsərrüfatı1 570,7
7Digər sahələrdə xidmətlərin göstərilməsi1 439,6
8Daşınmaz əmlakla əlaqədar əməliyyatlar1 395,7
9Tikinti1 244,9
10Elektrik enerjisi, qaz və buxar təchizatı1 150,4

Qeyd edək ki, ən aşağı orta aylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb – 749,7 manat. Bundan başqa, ticarət, turizm və ictimai iaşə, su təchizatı, inzibati xidmətlər və təhsil sahələrində də orta əməkhaqqı ölkə göstəricisindən aşağıdır.

"AzPolitika.info"