Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio ötən ilin sentyabr ayından bəri ilk dəfə Manilada keçirilən ASEAN sammiti çərçivəsində üzbəüz görüşüblər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, danışıqlar cəmi 35 dəqiqə davam edib və heç bir ciddi nəticə verməyib.
Görüşdə Rusiya tərəfdən xarici işlər nazirinin müavini Andrey Rudenko və Xarici Siyasət Planlaşdırma Departamentinin direktoru Aleksey Drobinin, eləcə də Rusiya Prezidentinin ASEAN-dakı daimi nümayəndəsi Yevgeni Zaqaynov, Amerika tərəfdən isə dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və ABŞ prezidentinin xüsusi elçisi Serxio Qor iştirak ediblər.
Görüşdən əvvəl Lavrov bildirib ki, danışıqlar Ukrayna və Kremlin iddia etdiyi kimi Vladimir Putin və Donald Tramp arasında əldə edilən Ankoric razılaşmalarına yönələcək. Rubio həmçinin görüşdə Ukraynadakı müharibəni müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
"Biz inanırıq ki, müharibə bitərsə, Rusiya üçün yaxşı olar, ona görə də bu məsələni qaldıracağıq", - deyə dövlət katibi qeyd edib. O əlavə edib ki, münaqişə Vaşinqton və Moskvanın "digər məsələlərdə ortaq məxrəc tapmasına mane olur”.
Bundan əvvəl Lavrov ABŞ-ni Ankoric razılaşmasını pozmaqda günahlandırıb və Moskvanın hazırkı cəbhə xəttində müharibəni dayandırmaq niyyətində olmadığını vurğulayıb. Bundan əlavə, Lavrov iddia edib ki, Moskva artıq ABŞ-ni "obyektiv vasitəçi" kimi görmür, əvəzində, Rusiyaya qarşı artan sanksiya təzyiqini müşahidə edir.
“AzPolitika.info”

Şərhlər