Yəmənin "Ənsar Allah" hərəkatına qatılan husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan şəhərinə hücum təşkil ediblər.
"AzPolitika" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri husilərin sosial şəbəkələrdəki paylaşımlarına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, üsyançıların bu həftə baş verən hücumlara cavab olaraq krallığa zərbə endirəcəklərini vəd etməsindən sonra Səudiyyə Ərəbistanı Cizan və Yanbu sakinlərinə qısa xəbərdarlıqlar göndərib.
Həmçinin ötən gecə "Ənsar Allah" hərəkatının raket bölmələri Yaxın Şərqin ən böyük neft emalı kompleksinə - "Saudi Aramco" şirkətinin neft emalı zavoduna zərbə (NEZ) endirib. Bu müəssisə ABŞ kapitalının mühüm paya malik olduğu Səudiyyə şirkətidir.
NEZ Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan şəhərində yerləşir. Son məlumatlara görə, zavod beş ballistik raketlə hədəfə alınıb və nəticədə binada yanğın başlayıb. Neftin motor yanacağına çevrilməsini təmin edən əsas qurğular, eləcə də yanacaq-sürtkü materialları anbarları alovlar içindədir.
Qeyd edək ki, bu gecə Səudiyyə Ərəbistanı Yəməndəki "Ənsar Allah" (husilər) qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib. Bu addım bir neçə gün əvvəl yaraqlıların Səudiyyə tankerlərinə etdiyi hücumlara cavab olaraq atılıb.
Cizandakı NEZ gündəlik 400 min barelə qədər neft emal etmək gücünə malikdir. Müəssisə 2022-ci ildə istifadəyə verilib. Onun inşasına 21 milyard dollar kimi böyük bir vəsait xərclənib. Zavod dizel yanacağı, müxtəlif növ benzinlər, benzol, paraksilol və digər törəmə məhsulların istehsalı ilə məşğuldur.
Diqqətçəkən məqam odur ki, "Saudi Aramco" şirkətinin bu kompleksinin ərazisində daxilitsiklik qazlaşdırma sisteminə malik dünyanın ən böyük buxar-qaz qurğusu yerləşir. Bu qurğu həm zavodun özünü, həm də ətraf yaşayış məntəqələrinin böyük bir qismini elektrik enerjisi ilə tam təmin edirdi.
Qırmızı dəniz sahilindəki strateji mövqeyi sayəsində Cizandakı NEZ əsasən Avropa və Şərqi Afrikaya ixrac üçün nəzərdə tutulub. Bu bölgələrə Cizandan yanacaq tədarük etmək Cənubi və Şərqi Asiya ölkələri ilə müqayisədə iqtisadi baxımdan daha sərfəlidir. Əvvəllər bildirilirdi ki, zavoddan ilk məhsul partiyası məhz Asiyaya - Sinqapura göndərilib. Həmçinin İtaliya, İspaniya, Fransa və bir sıra digər ölkələrə də tədarüklər həyata keçirilib.
Analitiklər vurğulayırlar ki, Cizandakı NEZ-də istehsalın artırılması Rusiyadan tədarüklərə qoyulan embarqodan sonra Avropada yaranan neft məhsulları qıtlığını aradan qaldırmaq məqsədi daşıyırdı. İndi isə zavodda baş verən yanğın səbəbindən həm ixrac, həm də daxili bazar üçün yanacaq təchizatı sual altında qalır.(oxu.az)

Şərhlər