ABŞ və Çin Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün kifayət qədər təsirə malikdirlər.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”-a verdiyi müsahibədə deyib.
Zelenski hesab edir ki, bu ölkələr Putini "tək bir görüşdə" dayandırmaq üçün kifayət qədər təsirə malikdirlər: "Əgər Çin və ABŞ sanksiyalar tətbiq edərsə, yaxud tətbiq edəcəklərini elan edərsə və Rusiya ilə bu ölkələr arasında ixrac və idxalı dayandırılarsa, bu, müharibənin sonu olacaq".
Zelenski qeyd edib ki, qlobal sabitlik bu cür əsas oyunçulardan asılıdır və əgər onlar Putini dayandırmasalar, deməli, onların buna heç bir marağı yoxdur.
Bundan əlavə, Ukrayna Prezidenti böyük dövlətlərin kiçik ölkələrin iştirakı olmadan gələcəyi müəyyən etməyə çalışmasını ciddi səhv adlandırıb. Onun sözlərinə görə, əgər Tramp, Si və Putin Ukrayna ilə bağlı Kiyevin iştirakı olmadan qərar versə, bu, sadəcə söhbət olaraq qalacaq.
Bu baxımdan o qeyd edib ki, müharibə döyüş meydanında başlayır və "sülhə doğru hər hansı bir irəliləyiş yalnız döyüş meydanında atəşkəslə mümkündür".
Lakin Zelenskinin sözlərinə görə, Kremlin hərəkətləri göstərir ki, Rusiya Ukraynanın kapitulyasiyası kimi uzunmüddətli məqsədindən əl çəkmir.
Qeyd edək ki, bu müsahibə Ukraynanın dəvət olunmadığı Şençjendə Tramp, Si Cinpin və Putin arasında üçtərəfli görüş fonunda yayımlanıb. İlk dəfə baş tutacaq bu üçtərəfli görüşün APEC sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.
Danışıqların əsas mövzularının nüvə silahlarına nəzarət və beynəlxalq təhlükəsizlik olacağı gözlənilir. Ukrayna ilə bağlı mövqe qeyri-müəyyən olaraq qalır. Vaşinqton daha əvvəl Trampın bu məsələni qaldırmağı planlaşdırmadığını bildirmişdi, lakin Amerika Prezidenti sonradan Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətini ifadə edib.
Zirvə görüşü ərəfəsində, Putin və Si Cinpin iki saatdan çox davam edən ikitərəfli danışıqlar aparıblar. Kremlin məlumatına görə, onlar Ukraynadakı müharibəni və ona son qoymağın mümkün yollarını müzakirə ediblər.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər