İrəvanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi və dövlət qurumlarının birgə təşkilatçılığı ilə itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, tədbirdə siyasətçilər, ekspertlər, hüquq müdafiəçiləri və zərərçəkmiş ailələrin nümayəndələri iştirak ediblər.
Konfrans çərçivəsində jurnalistlərə brifinq verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Bakı itkin düşmüş şəxslər problemi ilə bağlı işçi layihə təqdim edib və İrəvan da yaxın vaxtlarda öz təşəbbüs və ideyalarını təqdim edəcək. O, xüsusilə Birinci Qarabağ müharibəsində itkin düşənlərlə bağlı məlumatların çox az olduğunu vurğulayıb.
Simonyan çıxışında Ermənistanın son illərdə itkin düşənlərin müəyyənləşdirilməsi istiqamətində işlər apardığını qeyd edib: "Sülh ağrıların səngiməsi və gələcəyə inamın yaranması ilə möhkəmlənir. Ermənistan bu istiqamətdə səylərini davam etdirməyə hazırdır".
Konfransda çıxış edən Baş nazir Nikol Paşinyan isə harada olduqları bilinməyən şəxslərin taleyinin beynəlxalq əməkdaşlıq olmadan aydınlaşdırılmasının mümkün olmadığını deyib: "Ən çətin vəziyyət suallara cavabların olmamasıdır və əsas məsələ bu cavabları tapmaqdır. Ermənistan hakimiyyəti saysız-hesabsız suallara cavab tapmaq üçün səylərini heç vaxt dayandırmayıb".
Xarici işlər naziri Ararat Mirzoyan da heç kimin unudulmadığını bildirərək, bu mövzuların daim prioritet siyahısında qaldığını və effektiv addımlar üçün münaqişə tərəfləri ilə əməkdaşlığın vacib olduğunu vurğulayıb.
Rəsmilərin bu vədlərinə baxmayaraq, itkin düşmüş şəxslərin yaxınları mütəmadi olaraq etiraz aksiyaları keçirir və hakimiyyətdən qohumlarının taleyinin müəyyənləşdirilməsi üçün effektiv addımlar atılmasını tələb edirlər.
Qeyd edək ki, Ermənistan tərəfinin məlumatına görə, iki Qarabağ müharibəsindən sonra 1000-dən çox şəxs itkin düşmüş sayılır. Azərbaycanın rəsmi məlumatlarına əsasən isə münaqişə nəticəsində 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb.
Rasim
“AzPolitika.info”


Şərhlər