Rusiya tərəfindən Zaporojye vilayətinin işğal olunmuş hissəsinə təyin edilmiş administrasiya rəhbəri Yevgeni Balitski, Azov dənizi sahilində yerləşən Kirillovka qəsəbəsindəki istirahət bazalarına Ukrayna Silahlı Qüvvələri tərəfindən zərbə endirildiyini iddia edib.

Balitskinin sözlərinə görə, hücum nəticəsində 2-si uşaq olmaqla 8 nəfər həlak olub, 14 nəfər isə yaralanıb (yaralılar arasında 3 uşağın olduğu bildirilir).

Məlumata görə, ərazidə qəza-xilasetmə işləri davam edir. İşğalçı administrasiyanın rəhbəri Ukrayna hərbçilərini mülki şəxsləri məqsədli şəkildə hədəf almaqda ittiham edib.

Rusiya İstintaq Komitəsi dağılmış tikililərin və yanmış avtomillərin əks olunduğu kadrları təqdim edərək faktla bağlı "terror aktı" maddəsi ilə cinayət işi qaldırıldığını elan edib.

Rusiya mənbələri və "Mash na Donbasse" teleqram kanalı Melitopoldan cənubda yerləşən "Aleon" istirahət bazasının tamamilə dağıldığını bildirir. Bununla yanaşı, Ukraynanın "RİA Pivden" nəşri vurulan digər obyektdən – "Beloqa" istirahət bazasından bəhs edib. Ukrayna kütləvi informasiya vasitələrinin məlumatına görə, hər iki istirahət mərkəzində Rusiya hərbçiləri yerləşdirilibmiş.

Nəşr qeyd edir ki, təhlükəyə baxmayaraq, bazaların bəzi otaqlarında mülki şəxslər də qalmağa davam edib. Yerli çatlara istinadən verilən xəbərlərdə xidmət personalı və mülki şəxslər arasında da itkilərin olduğu bildirilir. Ukrayna hərbi rəhbərliyi zərbələrlə bağlı hələlik rəsmi şərh verməyib.

“AzPolitika.info”