Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edilib ki, iki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
V Milli Yaylaq Festivalının keçirildiyi ərazidə xoşagəlməz hadisə baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, etnoqəsəbə ərazisində qurulan taxta konstruksiyalardan biri aşıb.
Nəticədə bir neçə nəfərin xəsarət aldığı deyirlir. Dərhal ərazidə olan təcili tibbi yardım briqadası xəsarət alan şəxslərə köməklik göstərib və onlar Gənşə şəhərindəki müvafiq xəstəxanaya aparılıblar.
Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyə olunması, nəqliyyət vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində xidmət aparır.
***
Yaylaq Festivalında xəsarət alan şəxslərdən bəzilərinin kimliyi məlum olub.
Belə ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.





Şərhlər