Qərbin tətbiq etdiyi sanksiyalar və dünya bazarlarında neftin ucuzlaşmasının təsirləri ilə ucuzlaşan rublun mənfi fəsadları Azərbaycanda da hiss olunur.
“Marja”nın məlumatına görə, Rusiyadan göndərilən pullar azaldığından fərdi evlərin tikintisi də kəskin azalıb. İndi rayonlarda ustalıq və fəhləlik edən insanların çoxu işsizdir. Azərbaycanın demək olar ki, hər bir kəndindən olan insanlar Rusiyada işləyirlər.
Əvvəllər Rusiyada işləyən Azərbaycan vətəndaşları qazandıqları pullar ilə ölkəmizdə müxtəlif tikinti işləri, o cümlədən fərdi evlərinin tikintisi və təmirini həyata keçirdirdilər. Bu da ustalar üçün iş, tikinti materialları satan mağazalar üçün müştəri demək idi. Bu gün ustalar işsiz, mağazalar isə müştərisiz qalıb.
TİKİNTİ MATERİALLARI UCUZLAŞIR
“Marja”nın əldə etdiyi məlumata görə, rayonlarda tikinti materiallarının qiyməti aşağı düşüb. Məsələn, Aran rayonlarında mişar daşının qiyməti (kubik) 65 qəpikdən 45-50 qəpiyə, Rusiya istehsalı dəmir dam örtüyünün listinin qiyməti isə 8 manatdan 6.50 - 7 manata düşüb. Taxtanın da qiymətinin aşağı düşdüyü bildirirlir.
İQTİSADİ VƏZİYYƏTƏ TƏSİR EDİR
Satış mərkəzlərinin və ustaların gəlir əldə etməməsi onların xərcləməyəcəyi deməkdir. Əhalinin alış qabiliyyətinin aşağı düşməsi pərakəndə ticarətə, dolayı yolla ümumi iqtisadi vəziyyətə təsir edir.


Şərhlər