Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun yalnız bu məsələdə konkret irəliləyiş əldə edildikdən sonra keçirilə biləcəyini bildirib.
"AzPolitika" xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Baş nazir qeyd edib ki, referendumdan əvvəl Ermənistanın ən azı Aİ-yə rəsmi üzvlük müraciəti etməsi lazımdır:
"Bu məsələyə konkret bir həll yolu tapılmayana qədər bu referendum keçirilə bilməz. Yəni, referendumdan əvvəl üzvlüklə bağlı ən azı Aİ-yə müraciət etməliyik", - deyə o bildirib.
Paşinyan mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi Birliyi (AİB) sammitini də xatırladıb. Onun sözlərinə görə, sammitdə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanın Aİ-yə qoşulması və ya AİB-də qalması məsələsinin milli referendum vasitəsilə həll edilməsinin vacibliyini vurğulayan birgə bəyanat qəbul ediblər.
O, Rusiyanın mümkün məhdudlaşdırıcı tədbirləri ilə bağlı sualı cavablandırarkən bildirib ki, hökumətin siyasətinin Ermənistanı çıxılmaz vəziyyətə salacağına inanmır. O, ölkənin artıq "alternativli" dövrə qədəm qoyduğunu söyləyib.
Paşinyan Ermənistanın AİB-dən çıxmağa hazırlaşdığı barədə iddiaları da təkzib edib.
"Xeyr. Bizim belə bir planımız yoxdur", – deyə o vurğulayıb.

Şərhlər