Külli miqdarda mənimsəmədə ittiham olunaraq bir ay əvvəl barəsində həbs qətimkan tədbiri seçilən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərov azadlığa buraxılıb. Rayon icra hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, S.Əsgərov bir neçə gün öncə azadlığa buraxılıb.
Qeyd edək ki, S.Əsgərov Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı yol verilən mənimsəmə faktı üzrə həbs edilmişdi. Mənimsəmə barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun S.Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Cinayət işində Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçsı İrşad Əliyevin şahid kimi tanındığı bildirilir. Qeyd olunur ki, S.Əsgərov keçmiş başçının səyi nəticəsində azadlığa buraxılıb.
Xatırladaq ki, S.Əsgərovun həbsi ilə bağlı 2014-cü il dekabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi:
"Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Sarif Əsgərov avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən rəsmi sənədlərə yalan məlumatlar daxil edərək dövlət büdcəsinin vəsaitini mənimsəyiblər. Bildirilir ki, işin keyfiyyətli qaydada yerinə yetirilməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağılıb və dövlətə 143 min manat məbləğində zərər dəyib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir."
Dövlətin 2 milyon manatını mənimsədiyinə görə Cinayət Məcəlləsinin 3 maddəsi ilə məsuliyyətə cəlb olunan baş memarın belə qısa müddətdə azadlığa buraxılması Azərbaycan reallığında o qədər də təəccüblü deyil. Lakin bu fakt bir daha onu sübut etdi ki, S.Əsgərov bu həcmdə mənimsəməni özbaşına və tək həyata keçirə bilməzdi. Əksinə, çox böyük ehtimalla, o, sadəcə olaraq rayonun başçısının göstərişlərini yerinə yetirib. Görünür pulu götürən onu geri qaytarıb ki, cinayətkar zəncirin bir həlqəsi olan baş memar azadlığa buraxılıb.
Vaqif NƏSİBOV


Şərhlər