BMT Baş katibi Antonio Quterreş səlahiyyət müddətinin sonuna yaxın Kipr məsələsi ilə bağlı yeni təşəbbüslə çıxış edib. Onun təklifinə əsasən, adanın türk və yunan icmaları, eləcə də zəmanətçi ölkələr – Türkiyə, Yunanıstan və Böyük Britaniyanın iştirakı ilə "beşlik" formatında görüşün keçirilməsi nəzərdə tutulur.
Politoloq Fərhad Məmmədov məsələni şərhləyərkən bildirib ki, Şərqi Aralıq dənizi regionundakı bu proseslər Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Ekspertin sözlərinə görə, bu mövzu bir neçə əsas amilə görə Bakının diqqət mərkəzindədir:
Müttəfiqlik maraqları: Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) maraqlarının müdafiəsi;
Regional fəaliyyət: Azərbaycanın Türkiyə ilə birlikdə Suriyanın bərpasında iştirak etməsi;
Enerji amili: SOCAR-ın Şərqi Aralıq dənizində – İsrailin ərazi sularında, gələcəkdə isə Türkiyə və ŞKTC-nin ərazi sularında mövcud olan strateji maraqları.
Politoloq xatırladıb ki, 2004-cü ildə BMT-nin keçmiş Baş katibi Kofi Annanın planı çərçivəsində keçirilən referendumda Kipr türkləri birləşmənin lehinə səs versələr də, yunan tərəfi adanın birləşməsindən imtina edib.
"Həmin dövrdə Avropa İttifaqı böyük yanlışlığa yol verdi. Brüssel referendumun nəticəsindən asılı olmayaraq yunan hissəsini qəbul edəcəyini bəyan etdi. Əgər Aİ üzvlüyü adanın birləşməsi şərti ilə bağlasaydı, Kipr yunanları birləşməyə səs verməyə məcbur olardılar. Yunanların 2004-cü ildəki 'yox' cavabı ŞKTC-yə qarşı ərazi iddialarından müstəqil şəkildə imtina etmələri kimi qiymətləndirilməlidir", – deyə F.Məmmədov vurğulayıb.
Hazırda tərəflərin həlli yoluna baxışı tamamilə fərqlidir. Kipr türkləri iki müstəqil dövlətin konfederasiyasını istədikləri halda, yunan tərəfi sayı üstünlüyündən istifadə edərək federasiya modelini emal etməyə çalışır. Ekspertin fikrincə, optimal həll yolu adanın iki müstəqil dövlətə bölünməsinin rəsmən elan edilməsidir.
Mövzunun yenidən gündəmə gəlməsinin pərdəarxası məqamlarına toxunan politoloq bildirib ki, Avropa ölkələri yunan Kiprini NATO-ya daxil etməyə çalışırlar. Lakin həmin hissənin alyansın təhlükəsizlik sisteminə heç bir töhfə vermək imkanı yoxdur.
F.Məmmədov qeyd edib ki, əgər Aİ yunan Kiprini NATO-da görmək istəyirsə, Brüssel Nikosiyaya təzyiq göstərərək ŞKTC-ni tanıtdırmalı, ölkənin adını dəyişdirməli və ərazi iddialarından imtina etdirməlidir. Bu halda həm yunan Kipri, həm də ŞKTC alyansa daxil ola bilər.
Mövcud geopolitik şəraitin Ankara üçün əlverişli olduğunu bildirən ekspert vurğulayıb:
"Türkiyə ŞKTC-nin beynəlxalq müstəvidə tanınması üçün yaranmış 'imkan pəncərəsi'ndən istifadə edə bilər. Ankara Afina və Nikosiyanın destruktiv mövqeyini Brüssel və Vaşinqtona tam çılpaqlığı ilə göstərməlidir. Aİ isə 2004-cü ildə buraxdığı tarixi səhvi düzəltmək şansına malikdir, hərçənd Brüsselin obyektivliyinə inam yox dərəcəsindədir."
Politoloqun proqnozuna görə, önümüzdəki aylarda Türkiyə və Yunanıstanın bəyanatlarında ciddi aktivlik müşahid olunacaq, tərəflər danışıqlar mövqelərini formalaşdıracaqlar. Xarici aktorların müdaxiləsi isə konstruktiv olmayacaq və yunan tərəfi təcavüzkar ritorikanı artıracaq.
Kipr münaqişəsinin "iki dövlət" prinsipi əsasında həlli Türkiyənin Şərqi Aralıq dənizindəki mövqelərini daha da möhkəmləndirəcək, Aİ-Türkiyə danışıqlarındakı maneələrdən birini aradan qaldıracaq və İsrailin Kipr kartından fəal istifadə etmək cəhdlərini neytrallaşdıracaq.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər