“Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq”. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarovla görüşdən sonra mətbuat üçün açıqlamasında səsləndirdiyi tək bu fikir ölkəmizinmüttəfiqlik münasibətlərinə necə böyük məsuliyyətlə yanaşmasının, bu münasibətlərə nə dərəcədə ciddi önəm verməsinin ən qısa və mükəmməl ifadəsidir.
Azərbaycan hər zaman özünü Türk Birliyinin ayrılmaz hissəsi kimi görüb, son illər isə bu birliyin daha da güclənərək, beynəlxalq müstəvidə strateji əhəmiyyətli gücə çevrilməsi üçün olduqca fəal iş aparır. Bunu təkcə Azərbaycanda və digər Türk dövlətlərində deyil, beybnəlxalq aləmdə də görür və bir çox siyasətçilər, politoloqlar xüsusi qeyd edirlər…
Azərbaycan Prezidenti hələ 2024-cü ilin 14 fevralında keçirilən andiçmə mərasimində Azərbaycanın Türk dünyasına mənsub olduğunu xüsusi qeyd etmiş və bu coğrafiya ilə əlaqələrin genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulamışdı.Lakin bundan öncə də ölkəmiz bu istiqamətdə önəmli addımlar atmışdı. Prezidentin andiçmə mərasimində bunu xüsusi olaraq vurğulaması isə həmin dövrə qədər Azərbaycan tərəfindən Türk dünyasına münasibətdə ardıcıl olaraq aparılan məlum siyasətin olduqca önəmli bir məqamda ölkə başçısı səviyyəsində bir daha bəyan edilməsi idi.

Məlum olduğu kimi, ölkələrimiz Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və digər beynəlxalq forumlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvləridir. Qırğızıstan Respublikasının 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə bu ölkə üçün tarixi bir nailiyyətdi və bu, təkcə Qırğızıstanın deyil, həm də bütün Orta Asiyanın beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirir. Əlbəttə ki, Azərbaycan da bir dost, qardaş dövlət kimi buna sevinir.
Azərbaycanın dostluqda, müttəfiqlikdə nə qədər etibarlı tərəfdaş olduğunu Qırğızıstan başçısı Sadır Japarov da xüsusi vurğulayıb: "Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə sadiqliyiniz böyük hörmət doğurur. Məhz buna görə də əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Qırğızıstan Respublikasının ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif etmək barədə qərar qəbul etmişəm!" Qeyd edək ki, Azərbaycan Prezidenti də Sadır Japarovu Heydər Əliyev ordeni ilə təltif edilib…

Azərbaycanın strateji tərəfdaş elan etdiyi ölkələrlə münasib
əti hər zaman, yalnız qarşılıqlı bəyanatlar və məramlarla deyil, real addımlarla ifadə olunub. Qırğızıstan da bu baxımdan istisna deyil və olmayacaq. Ölkəmizin məqsədi qardaşlıq və ortaq rifaha əsaslanan strateji tərəfdaşlığın real işlə gücləndirilməsidir. Xüsusilə də nəzərə alınsa ki, Azərbaycan və Qırğızıstan ortaq Türk irsinə, qarşılıqlı hörmətə, etimada əsaslanan tarixən yaxın münasibətlərə malikdir, o zaman ölkələrimiz arasında xarici siyasətdən, iqtisadiyyatdan tutmuş mədəni əlaqələrə, humanitar sahəyə qədər bütün istiqamətlərdə uğurlu tərəfdaşlıq üçün hər cür zəmin var.
Xatırladaq ki, 2022-ci ildə iki ölkənin prezidentləri Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar və ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıran Dövlətlərarası Şura yaradıblar. 2024-cü ildə isə Dövlətlərarası Şuranın ikinci iclası zamanı tərəflərin uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini təsdiqləyən dərinləşdirilimiş strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalayıblar.
Dövlətlərarası Şuranın əhəmiyyəti ondadır ki, o, ölkələrimiz arasında münasibətlərin inkişaf strategiyasında, əldə edilmiş razılaşmaların həyata keçirilməsinə yönəlmiş qərarların qəbul edilməsində əsas rol oynayır.

Azərbaycan-Qırğızıstan Ali Dövlətlərarası Şurasının ilk iclası 11 oktyabr 2022-ci ildə, ikinci iclas 24 aprel 2024-cü ildə Qırğız Respublikası Prezidentinin Azərbaycana dövlət səfəri zamanı keçirilib. Həmin iclasda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 25 milyon dollardan 100 milyon dollara çatdırılması barədə qərar qəbul edilib və bu məbləğ hazırda 200 milyon dollara qədər artırılır.
Ötən dövr ərzində ölkə başçılarının qarşılıqlı səfərlərinin sayı da tərəflərin bu münasibətlərə verdiyi önəmin göstəricisidir. Belə ki, İlham Əliyev Qırğızıstan Respublikasına bir dövlət səfəri və dörd işgüzar səfər, Sadır Japarov isə Azərbaycana bir dövlət səfəri, bir rəsmi səfər və altı işgüzar səfər edib.
Əlbəttə ki, strateji tərəfdaşlıq müstəvisində iqtisadi əlaqələrin səviyyəsi olduqca önəmli rol oynayır. Çünki bu münasibətlər siyasi, humanitar, mədəni və s. əlaqələr üçün də bazis rolunu oynayan əsas amillərdəndir. Bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya iqtisadi əlaqələrin genişləndirilməsində böyük önəm daşıyır. Bu komissiyanın fəaliyyəti çərçivəsində ticarət və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş mühüm qərarlar qəbul edilir. Qeyd edək ki, komissiyanın son iclası 8-9 dekabr 2025-ci il tarixlərində Bakıda keçirilib.
İqtisadi əlaqələrin miqyasına gəlincə, ötən 2025-ci il bir növ sıçrayış ili kimi qeyd edilə bilər. Belə ki, həmin il Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 77,17 milyon dollar təşkil edib. 2024-cü illə müqayisədə 2025-ci ildə bu rəqəm 92,62 faiz artıb.Lakin məlum məsələdir ki, ölkələrimizin, xüsusilə də Azərbaycanın iqtisadi potensialı kifayət qədər böyükdür və bu rəqəmin dəfələrlə artırılması üçün hər cür zəmin var. Odur ki, bu dövriyyənin gələcək illərdə artırılacağı şübhə doğurmur…

Əlavə edək ki, Azərbaycan həmçinin Qırğızıstanda investisiya layihələri, o cümlədən İssık-Kul gölündə turizm infrastrukturunun inkişafı layihələri həyata keçirir. Bunun özü də qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın yüksək səviyyəsinin göstəricisidir.
Azərbaycan-Qırğızıstan əməkdaşlığının əsas sahələrindən biri də barəsində beynəlxalq müstəvidə ən çox danışılan Orta Dəhlizin (TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafıdır. Bu marşrut ən azı Azərbaycan qədər də Mərkəzi Asiya dövlətləri üçün onəmlidir. Beynəlxalq aləmdəki gərgin vəziyyət, Rusiya və İran ətrafında baş verənlər Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün ən ideal və etibarlı nəqliyyat mərkəzinə çevirir. Məhz bizim ölkəmiz öz strateji mövqeyilə bu dövlətlərin qlobal bazarlara ən qısa və sabit çıxışını təmin edə bilən imkanlara malikdir. Nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi isə yalnız iqtisadi gəlir demək deyil, bütünlükdə regional iqtisadi inteqrasiyanın gücləndirilməsinə, beynəlxalq nəqliyyat marşrutlarının dayanıqlılığının artırılmasına və qlobal təchizat zəncirlərinin şaxələndirilməsinə şərait yaradır.

Bütün bu əlaqələr təbii ki, özünü mütləq humanitar, təhsil və mədəni əməkdaşlıq sferasında da əks etdirməlidir və etdirir də.23-26 aprel 2024-cü il tarixlərində Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və 20-25 aprel 2025-ci il tarixlərində Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri mədəni əməkdaşlığın inkişafında mühüm mərhələ oldu.
Beləliklə, Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi iki qardaş dövlət arasında qarşılıqlı etimadın və strateji birliyin ən yüksək səviyyəsini əks etdirir. Bu münasibətlər isə bütünlükdə Türk dünyasının inkişafı üçün önəmli töhfə deməkdir.
Xatırladaq ki, Japarovun 2024-cü il 24-25 aprel tarixlərində Azərbaycana dövlət səfəri zamanı Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimi keçirilmiş, 3 iyul 2025-ci il tarixində Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə açılışı baş tutmuşdur. Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən İlham Əliyevin Qarabağın bərpasındakı köməyi barədə danışması və buna görə Qırğızıstana təşəkkür etməsi bu əməkdaşlığın konkret nəticələrinin ən yüksək səviyyədə bəyan edilməsidir: "Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.
Bəli, Azərbaycan dövləti və xalqı həm dostlara yardım etməyi, həm də onun özünə edilən yaxşılığı dəyərləndirməyi bacarır. Ona görə də qardaş dövlətlərlə, xalqlarla bu cür sağlam təməllər üzərində qurulan münasibətlər böyük perspektivə malikdir. Qırğızıstanın da bu sırada özünəməxsus yeri və dəyəri var…
“AzPolitika.info”

Şərhlər