Ötən gecə Ukrayna PUA-larının Rusiyanın ayrı-ayrı bölgələrinə növbəti hücumu həyata keçirilib.

“AzPolitika” xəbər verir ki, hücumla bağlı sosial mediada məlumat və görüntülər yayımlanıb.

Hücum nəticəsində Belqorod Dövlət Texnologiya Universitetində yanğın və partlayışlar qeydə alınıb. Təhsil müəssisəsinə aid binalardan biri tamamilə yanıb. 

Məlumata görə, bina avtomatlaşdırılmış dron idarəetmə sistemlərinin hazırlanması və sınaqdan keçirilməsi üçün istifadə olunurdu. Bu yay BDTU məktəbliləri dronların hazırlanması kursu üzrə yay sessiyalarına qəbul edib.

Vilayət qubernatoru Aleksandr Avdeyevin sözlərinə görə, Ukrayna dronları həmçinin Vladimir bölgəsindəki "anbar kompleksinə" hücum edib. O, Telegram-da yazıb: "İnsanlar təxliyə edilib. Təcili yardım xidmətləri hadisə yerində işləyir".

Ukraynanın "Exilenova+" monitorinq kanalının məlumatına görə, Vladimir-Vorşinskoyedəki "Wildberries" logistika mərkəzinə zərbə endirilib. Şahidlərin videoları göstərir ki, ən azı bir dron anbar binasına dəyib və yanğına səbəb olub.

Şirkətin mətbuat xidməti hücumu təsdiqləyib. İlkin məlumatlara görə, itki yoxdur. Şirkət bildirib ki, logistika zəncirləri yenidən təşkil edilib, çatdırılma və sifarişlər digər yerlərdən qəbul edilir.

58.500 kvadratmetrlik bu kompleks 2024-cü ilin dekabr ayında açılıb. Bu il onun 175.000 kvadratmetrə qədər genişləndirilməsi planlaşdırılırdı. Anbardan gələn mallar Moskvaya, Mərkəzi Rusiyanın digər bölgələrinə və ölkənin şimal-qərbinə paylanırdı.

Bundan əlavə, 3 avqust gecəsi dronlar ilhaq edilmiş Krıma hücum edib. Ukraynanın "Krımskiy Veter" kanalının məlumatına görə, Sakski rayonunda, Feodosiya, Simferopol və Kerçdə partlayışlar baş verib. Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.

“AzPolitika.info”