ABŞ Prezidenti Donald Trampın indi sülhməramlı kimi çıxış etmək və Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün real imkanı var, lakin bu əlverişli an tez bir zamanda yox ola bilər.

“AzPolitika” xəbər verir ki, Ağ Evin Rusiya üzrə eksperti olmuş Tomas Qremin “The New York Times” qəzetində dərc olunmuş məqaləsində belə deyilir.

"Putin Tramp haqqında müsbət danışmağa davam edir, lakin bəzi yüksək vəzifəli məmurlar və tanınmış şərhçilər ABŞ-nin Ukraynaya hərbi yardımını vurğulayır və ABŞ Prezidentinin effektiv və etibarlı vasitəçi kimi çıxış etmək qabiliyyətini şübhə altına alırlar", yazıda deyilir.

Müəllif qeyd edir ki, ABŞ-nin danışıqları dərhal intensivləşdirməsi arqumenti iki səbəbdən aktualdır:

“1. Münaqişə təhlükəli eskalasiya spiralına qədəm qoyub

Ukrayna hücumlarını gücləndirir, Rusiyanın daha dərinlərinə nüfuz edir, enerji infrastrukturuna və hərbi obyektlərə zərbələr endirir. Krım yarımadasını tədricən Rusiyanın materik hissəsindən ayırır. İlk dəfə olaraq cəbhə xəttindən uzaqda olan ruslar müharibənin birbaşa təsirini hiss edirlər. Kreml açıq şəkildə Kiyevin zərbələrinin Rusiya cəmiyyətini ruhdan sala biləcəyindən qorxur.

Buna cavab olaraq, Rusiya Ukrayna hava hücumundan müdafiə sistemlərinin çatışmazlığından istifadə edərək Ukrayna şəhərlərinə və həyati əhəmiyyətli infrastrukturlara hava zərbələrini sürətlə artırır.

Bu arada, Ukrayna dronları və Rusiya raketləri NATO müttəfiqlərinin hava məkanını pozduğu üçün Avropada müharibənin eskalasiyası qorxusu yayılır.

2. Müharibə sona çatmaq üçün yetişib

Hər iki tərəf münaqişəyə mümkün qədər tez son qoymalıdır. Kiyev döyüşçü çatışmazlığı yaşayır və cəbhə xəttinə insanları səfərbər etməkdə getdikcə daha çox çətinliklərlə üzləşir. Müharibə nə qədər uzunırsa, xaricə qaçan milyonlarla ukraynalının geri qayıtma ehtimalı bir o qədər azalır. Münaqişənin davam etməsi yüz milyardlarla dollara başa gələn yenidənqurma xərclərini daha da artıracaq.

Rusiya özü demoqrafik böhran və səfərbərliklə bağlı artan çətinliklərlə üzləşir. İqtisadi xərclər sürətlə artır və getdikcə daha aydın görünür. Rusiya böyük güc rolu uğrunda rəqabət apardığı ABŞ və Çindən getdikcə daha da geridə qalır”.

Müəllif qeyd edir ki, müharibənin hər keçən günü ilə gələcək daha qaranlıq görünür. Lakin, əgər savaş bu gün bitsə, hər iki tərəf öz qələbəsini elan edə bilər. Zelenski haqlı olaraq ukraynalıların ən əziz tutduqları şeyi - müstəqilliklərini, suverenliklərini və Avropa ambisiyalarını qoruduğunu iddia edə bilər. Putin Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratması cəhdinin qarşısının alınması və Şərqi Ukraynada milyonlarla rusun "azad edilməs” ilə öyünə bilər.

Bu şəraitdə uyğun anı yxalamaq və münaqişəyə son qoymaq üçün təcili olaraq intensiv danışıqlara ehtiyac var. Bunun üçün yalnız Vaşinqton diplomatik səylərlə lazımi təsirə və siyasi çəkiyə malikdir.

ABŞ Moskva və Kiyevlə, eləcə də əsas Avropa paytaxtları ilə danışıqlar apara bilər. Ukrayna və Rusiya bunu təkbaşına edə bilməzlər - buna görə də onlar Vaşinqtonun dialoqu bərpa etməsini istəyirlər.

Ekspert vurğulayır ki, Vaşinqton bu müharibəyə son qoymaq üçün dərhal hərəkətə keçməlidir.

Qeyd edək ki. daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qışa qədər müharibəyə son qoymaq üçün bütün səylərə hazır olduğunu demişdi. Lakin Vladimir Putin son açıqlamalarında bir daha Rusiyanın öz “məqsədlərinə” çatana qədər savaşı davam etdirmək niyyətində olduğunu bəyan edir.

C.Məmmədli

“AzPolitika.info”