ABŞ-nin nüfuzlu “National Interest” nəşri Avropa ölkələrinin hərbi hava qüvvələrinin gücünü əks etdirən geniş analiz dərc edib. Rusiya-Ukrayna müharibəsinin fonunda hazırlanan reytinq siyahısında təyyarə sayı, döyüşə hazırlıq səviyyəsi, texnoloji infrastrukturlar və milli müdafiə sənayesi imkanları əsas götürülüb.
"AzPolitika" xəbər verir ki, təhlildə Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) nümayiş etdirdiyi yüksək potensialı və dinamik inkişafı ilə diqqət mərkəzində yer alıb.
Hesabata əsasən, Türkiyə 1000-ə yaxın aviabaza texnikası və 300-dək döyüş təyyarəsi ilə Avropanın ən güclü 2-ci hərbi hava qüvvəsinə sahib ölkəsi elan edilib. Türkiyə HHQ-nin əsas daxili sütununu ABŞ istehsalı olan "F-16 Fighting Falcon" döyüş təyyarələri təşkil etsə də, filoda "F-4 Phantom II" və "F-5 Tiger II" kimi qırıcılar da yer alır.
Analizdə vurğulanır ki, Türkiyənin son illərdə yerli və milli müdafiə sənayesinə etdiyi nəhəng yatırımlar ölkəni qitədə liderlərdən birinə çevirib. Xüsusilə 5-ci nəsil "TF KAAN" milli döyüş təyyarəsi layihəsi və ucuz başa gələn, lakin yüksək effektivlik göstərən "Bayraktar TB2" kimi pilotsuz uçuş aparatları (PUA) Ankara üçün müqayisəolunmaz hava üstünlüyü yaradıb.

Nəşr xüsusi olaraq qeyd edib ki, "Bayraktar TB2"-nin istər 2020-ci ildəki İkinci Qarabağ müharibəsində, istərsə də Rusiya-Ukrayna müharibəsinin ilk mərhələlərində nümayiş etdirdiyi uğurlu döyüş performansı Türkiyənin hava hərb texnologiyalarındakı sürətli yüksəlişini bütün dünyaya sübut edib.
Siyahıda digər pillələri kimlər tutur?
1. Rusiya: təxminən 4 300 təyyarə və 900-dən çox cəbhə qırıcısı ("Su-30", "Su-35", "Su-34" və 5-ci nəsil "Su-57") ilə siyahının birinci pilləsindədir.
3. Böyük Britaniya: 670-ə yaxın təyyarə, "F-35B Lightning II" və "Eurofighter Typhoon" qırıcıları ilə NATO-nun əsas dayağı olaraq 3-cü sıradadır.
4. Fransa: İstehsalı tam olaraq yerli "Dassault Rafale" qırıcılarına söykənən 520 təyyarəlik filosu ilə 4-cü yeri tutur.
5. İtaliya: "F-35A" və "F-35B" modellərini eyni vaxtda istismar edən 740-960 arası təyyarəlik güclü filosu ilə ilk beşliyi tamamlayır.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər