Sahibkarlığa maraq artsa da, hər biznes sahəsi eyni gəlirliliyi və inkişaf potensialını vəd etmir. Bazar tələbi, rəqəmsallaşma, turizm və xidmət sektorundakı dəyişikliklər yeni investisiya imkanları formalaşdırır. Düzgün sahə seçimi biznesin uğurlu və uzunömürlü olmasında əsas amillərdən biri hesab olunur. 

Bəs hazırda Azərbaycanda hansı biznes sahələri daha perspektivli və gəlirli hesab edilir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-tədqiqatçı, alim Elşad Ərşadoğlu Əliyev bildirib ki, sahibkarlığa marağın artması bütün biznes sahələrinin eyni gəlirlilik və inkişaf potensialına malik olması anlamına gəlmir.

Onun sözlərinə görə, hər bir sahənin gəlirliliyi bazar tələbi, investisiya imkanları və iqtisadi şəraitdən asılı olaraq dəyişir:

“Sahibkarlığın inkişafı ilk növbədə dövlətin formalaşdırdığı hüquqi və institusional mühitdən asılıdır. Sahibkarlığın təşviqi üçün müasir tələblərə cavab verən hüquq-normativ baza formalaşdırılmalı, biznes mühiti daha əlverişli olmalıdır. Bununla yanaşı, maliyyə və vergi güzəştləri genişləndirilməli, sahibkarlığın inkişafını dəstəkləyən mexanizmlər gücləndirilməlidir. Bu addımlar atıldığı təqdirdə sahibkarlığa maraq da təbii şəkildə artacaq.”

E.Əliyev bildirib ki, biznes fəaliyyətinə başlamaq üçün mövcud inzibati prosedurların sadələşdirilməsi də vacibdir: “Qeydiyyat, lisenziyalaşdırma və digər inzibati prosedurlar mümkün qədər sadələşdirilməli, sahibkarlar əlavə bürokratik maneələrlə üzləşməməlidirlər. Biznes mühitinin inkişafı üçün dövlət tərəfindən yaradılan inzibati şərait həlledici əhəmiyyət daşıyır. Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması da əsas məsələlərdən biridir.

Kiçik və orta sahibkarlıq subyektlərinin güzəştli kreditlərə çıxışı genişləndirilməli, aşağı faizli maliyyələşmə imkanları artırılmalıdır. Girov tələblərinin yumşaldılması və kredit prosedurlarının sadələşdirilməsi sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər”.

Ekspert qeyd edib ki, hazırda turizm, rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, aqrar sektor və idman sahələri daha çox investisiya cəlb edən istiqamətlər sırasındadır:“Bununla belə, digər sahələrin də iqtisadiyyat üçün əhəmiyyətini itirməyib. Bu gün turizm, rəqəmsal texnologiyalar və aqrar sektor daha çox diqqət mərkəzindədir. Ancaq bu, sənaye, elm, mədəniyyət, səhiyyə və digər istiqamətlərin əhəmiyyətini azaltmır. Hər bir sahənin inkişafı cəmiyyətin ehtiyaclarından və bazarın tələbindən asılıdır. Dövlət bütün istiqamətlər üzrə sahibkarlığın inkişafını təşviq etməlidir”.

E.Əliyevin fikrincə, həyata keçirilən islahatların əsas məqsədi yeni təşkil olunan biznes fəaliyyətinin, xüsusilə startapların və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq, ölkədə dayanıqlı biznes mühitini formalaşdırmaq olmalıdır.

Oğuz Ayvaz

AzPolitika.info”