Tərtərdə uzun illərdir məskunlaşan Ağdamın Güllücə kənd sakinləri Hüsənli kənd qəbiristanlığında qəbirüstü abidələrə zərər vurulduğunu və məzarların talandığını iddia edirlər.

"AzPolitika" xəbər verir ki, sakinlərin sözlərinə görə, naməlum şəxslər onlarla qəbirə ziyan vuraraq gül qablarını oğurlayıblar. Onlar bildirirlər ki, bəzi qəbirlərdə güllər yerə səpələnib, məzarlar isə yararsız vəziyyətə salınıb.

"Köçkün düşəndə bizə Hüsənli kənd qəbiristanlığında yer verdilər. Biz də orada ata-anamızı, bacımızı, qardaşımızı dəfn etmişik. 50-yə yaxın qəbirin gül qablarını aparıblar", - deyə şikayətçi Vidadi Orucov Baku TV-yə bildirib.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək hadisəni törədən şəxslərin tapılmasını və qəbiristanlıqda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş ediblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə barədə avqustun 1-də rayon polis şöbəsinə məlumat daxil olub.

Qeyd olunub ki, hazırda polis əməkdaşları tərəfindən əməli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.