Yay aylarında havanın temperaturu yüksəldikcə hibrid və elektromobillərin batareyalarının performansı da müzakirə mövzusuna çevrilir. Mütəxəssislər bildirirlər ki, uzun müddət kəskin istiliyə məruz qalmaq batareyanın səmərəliliyinə və ömrünə müəyyən təsir göstərə bilər. Bu səbəbdən belə avtomobillərin kölgədə saxlanılması və istehsalçı tövsiyələrinə əməl olunması tövsiyə edilir.
zərbaycanda yay aylarında hibrid və elektromobil istifadəçiləri hansı tədbirləri görməlidirlər? Kəskin istilər bu nəqliyyat vasitələrinin alınmasına marağı azalda bilərmi?
Məsələni “AzPolitika”ya şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, əgər söhbət batareyanın özündən gedirsə, onun uzun müddət 45 dərəcəyə yaxın temperaturda və birbaşa günəş şüaları altında qalması səmərəliliyinin azalmasına səbəb ola bilər. Lakin bu məsələni şişirtmək də düzgün deyil.

Ekspertin sözlərinə görə, müasir elektromobillərin və əksər hibrid avtomobillərin batareyaları xüsusi temperaturun idarəetmə sistemləri ilə qorunur. Buna görə də normal istismar şəraitində ciddi problem yaranmır:“Avropa, Yaponiya və ABŞ-də istehsal olunan, beynəlxalq standartlara uyğun avtomobillərdə belə problemlər müşahidə edilmir. Azərbaycandan daha isti iqlimə malik bir çox ölkələrdə də bu nəqliyyat vasitələri uğurla istismar olunur. İstifadəçilər istehsalçının tövsiyələrinə və düzgün istismar qaydalarına əməl etsələr, hər hansı problemlə qarşılaşmazlar”.
E.Cəfərovun tövsiyəsinə əsasən, yay aylarında sürücülər aşağıdakı məqamlara diqqət yetirməlidirlər: “Məsələn, imkan daxilində avtomobili kölgədə və ya qapalı dayanacaqda saxlamaq məsləhətdir. Avtomobili uzun müddət birbaşa günəş şüaları altında, batareya 100 faiz doldurulmuş vəziyyətdə saxlamaq məsləhət görülmür. Həmçinin avtomobilin daha çox axşam və ya səhər saatlarında enerji ilə doldurulması, eləcə də istehsalçının batareyanın istismarı ilə bağlı tövsiyələrinə riayət edilməsi onun ömrünün uzadılması və səmərəli işləməsi baxımından faydalı hesab olunur.”
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər