Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən şəxs Fərhad Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Xaçmaz şəhərinin Əlif Hacıyev və Qasım bəy Zakir küçələrinin kəsişməsində baş verib.
Belə ki, Fərhad Məmmədov həmin vaxt tanışı, zərərçəkmiş Mehrab Nəbiyevlə (soyadı şərtidir) qarşılaşıb. Zərərçəkmiş şəxs ona zarafatla "qəzəlxan" deyib. Bunu bəhanə edən təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan aqressiv davranaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən qatlanan cib bıçağını çıxarıb. O, bıçaqla Mehrabın qarın nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs daxili və xarici qanaxma ilə müşayiət olunan, nazik bağırsağın kəsilmiş yarası və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqı zamanı Fərhad Məmmədov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, hadisə günü gündüz saatlarında işlədikdən sonra tanışları ilə bir bakal pivə içərək evə qayıdıb, axşam isə siqaret almaq üçün evdən çıxıb. Mağazaya yaxınlaşarkən Mehrab onu uzaqdan "qəzəlxan" deyə çağırıb. Buna baxmayaraq, yaxınlaşıb salam verdiyini və heç bir mübahisə yaratmaq istəmədiyini bildirib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman zərərçəkmiş şəxs ona əvvəlcə bir dəfə, sonra isə ikinci dəfə şillə vurub və nalayiq ifadələr işlədib. O deyib ki, insanların çox olduğu ərazidə mübahisə etməmək üçün qarşı tərəfə kənara keçməyi təklif edib. Dəmir yolunun yaxınlığında iki nəfər qonşu onu qolundan tutaraq saxlamağa çalışıb. Bu vaxt Mehrab arxadan ona təpik vurub.
Fərhad bildirib ki, həmin anda cibində olan bıçağı çıxarıb, lakin məqsədi zərərçəkmişi qorxudaraq özündən uzaqlaşdırmaq olub:
"Bıçağı çıxarıb açanda Mehrab üstümə gəldi. Mənə tərəf hərəkət edəndə bıçaq ona dəydi. Məqsədim vurmaq yox, məndən uzaqlaşması idi".
Təqsirləndirilən şəxs hadisədən sonra bir neçə dəqiqə ərazidə qaldığını, daha sonra evə getdiyini, təxminən yarım saat sonra isə polis əməkdaşlarının onu saxladığını söyləyib.
O, həmçinin qeyd edib ki, hadisə yerində istifadə etdiyi bıçağı polis əməkdaşlarına könüllü təqdim edib.

Şərhlər