Noyabrın 20-nə keçən gecə Rusiya ordusu dronlar, ballistik və qanadlı raketlərdən istifadə etməklə Ukrayna ərazisinə növbəti kütləvi hava zərbələri endirib. Əsas hədəflər arasında paytaxt Kiyev, Xarkov və ölkənin qərb bölgələri yer alıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 01:20-dən 04:19-dək paytaxtda 6 dəfə ballistik raket təhlükəsi elan edilib və ardınca Kiyevdə güclü partlayışlar baş verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının saat 07:19-a olan yenilənmiş məlumatına əsasən, hücum nəticəsində paytaxtda 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Kiyev meri Vitali Kliçko dağıntılarla bağlı bildirib ki, Obolon rayonunda raket qalıqlarının düşməsi nəticəsində üçmərtəbəli binada yanğın baş verib. Qoloseyev rayonunda da infrastruktur obyektinin ərazisinə zərbə dəyib, ilkin məlumatlara görə ofis binası yanıb. Podolsk rayonunda isə qeyri-yaşayış binasında yanğın qeydə alınıb;
Kliçko körpülərdən birinin yaxınlığındakı açıq əraziyə zərbə endirildiyini bildirib. Sosial şəbəkələrdəki yerli kanallar isə Rusiya qüvvələrinin Kiyevdəki Darnitski, Podolski, Cənub və Paton körpülərini hədəf aldığını yazıblar.
Partlayışlar Ukraynanın digər bölgələrində də qeydə alınıb. Xarkov meri İqor Terexovun sözlərinə görə, şəhərin Şevçenko rayonunda yerləşən xəstəxana Rusiya dronunun hədəfinə çevrilib. Nəticədə 4 nəfər xəsarət alıb, binanın 50-dən çox pəncərəsi sınıb. Daha sonra mer həmin rayondakı yaşayış kompleksinə də zərbə endirildiyini və ərazidə yanğın başladığını bildirib.
Saat 06:00-a olan məlumata əsasən, Ukraynanın qərb vilayətləri də dron hücumuna məruz qalıb. Yerli Telegram kanallarının yaydığı xəbərlərə görə, Lvov şəhərində Rusiya istehsalı olan "Geran" dronunun qalıqları çoxmərtəbəli yaşayış binalarının yaxınlığına səpələnib.
Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələri Rusiya strateji bombardmançı təyyarələrindən havadan buraxılan qanadlı raketlərin atıldığını da bildirib.
Xatırladaq ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə endirilən zərbələrə Moskvanın "çox daha ağrılı" cavab verəcəyini bəyan etmişdi.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər