Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Kiyevə səfəri Rusiya Dövlət Dumasında heç də məmnunluqla qarşılanmayıb.
“AzPolitika” xəbər verir ki, Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa Lenta.ru-ya müsahibəsində bu mövzuya münasibət bildirib.
O iddia edib ki, Qafqazdakı vəziyyət İran-ABŞ münaqişəsinin təsiri altında dəyişəcək və bu, Azərbaycanın Ukraynadakı münaqişə də daxil olmaqla beynəlxalq mövqeyinə təsir edəcək.
Duma təmsilçisi həmçinin Bakının Kiyevə silah tədarük etməyəcəyinə inandığını bildirib: “Düşünmürəm ki, Azərbaycan [Ukraynaya] silah tədarükçüsü olacaq. Düşünürəm ki, yaxın gələcəkdə Qafqazdakı vəziyyət bir qədər dəyişəcək. Bu, ilk növbədə İran-ABŞ münaqişəsindəki vəziyyətlə bağlıdır. Və düşünürəm ki, Azərbaycan da Ukrayna məsələsində mövqeyini dəyişəcək".
Qeyd edək ki, Ceyhun Bayramov Kiyevə səfəri zamanı ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirilən danışıqları məhsuldar adlandırıb. O bildirib ki, Bakı və Kiyev "dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığa malikdir".
Əlavə edək ki, Azərbaycan ölkə başçısı səviyyəsində Ukrayna münaqişəsinə açıq şəkildə münasibət bildirərək, ölkəmizin Ukraynanın ərazi bütövlüyünü dəfələrlə dəstəkləyib. Üstəlik, Ukraynanı heç zaman işğalla barışmamağa çağırıb.
“AzPolitika.info”

Şərhlər