Süni intellekt əsaslı çat-botlardan psixoloji dəstək məqsədilə istifadə edənlərin sayı dünyada sürətlə artır. Bu texnologiyalar insanlara istənilən vaxt söhbət etmək və ilkin emosional dəstək almaq imkanı versə də, onların peşəkar psixoloji yardımın tam əvəzi olub-olmaması müzakirə mövzusudur.

Süni intellektdən alınan psixoloji məsləhətlər insanların yanlış qərarlar verməsinə səbəb ola bilərmi? Gələcəkdə psixoloqlara müraciət edənlərin sayı süni intellekt səbəbindən azala bilərmi?

Məsələni “AzPolitika”ya şərh edən psixoloq Nizami Orucov deyib ki, süni intellekt əsaslı çat-botlar son illərdə psixoloji dəstək sahəsində daha geniş istifadə olunmağa başlayıb.

Onun sözlərinə görə, bunun əsas üstünlüklərindən biri odur ki, insanlar günün istənilən vaxtı öz hisslərini ifadə edə, məlumat ala və bəzi emosional çətinliklər barədə danışa bilirlər: “Xüsusilə psixoloqa müraciət etməkdən çəkinən və ya ilk addımı atmaqda tərəddüd edən insanlar üçün bu, müəyyən mənada əlçatan dəstək vasitəsi ola bilər. Lakin süni intellekti peşəkar psixoloji yardımın tam alternativi hesab etmək düzgün olmaz. Psixoterapiya təkcə məsləhət verməkdən ibarət deyil. Burada terapevtlə pasiyent arasında qurulan etibar münasibəti, insanın emosiyalarının, həyat tarixçəsinin, davranış nümunələrinin və fərdi xüsusiyyətlərinin kompleks şəkildə qiymətləndirilməsi mühüm rol oynayır. Süni intellekt müəyyən məlumatlar təqdim edə və dəstək xarakterli söhbət apara bilər, amma o, klinik qiymətləndirmə aparmır və insanı bütün psixoloji konteksti ilə dəyərləndirə bilmir”.

Psixoloq əlavə edib ki, süni intellektdən alınan məsləhətlərə tənqidi yanaşmaq vacibdir: “Çünki istifadəçi verdiyi məlumat natamam və ya yanlış olduqda, alınan cavab da düzgün istiqamət göstərməyə bilər. Xüsusilə intihar riski, ağır depressiya, travma, psixotik əlamətlər və ya ciddi psixi pozuntular kimi hallarda yalnız çat-botlara güvənmək təhlükəli nəticələrə səbəb ola bilər. Belə vəziyyətlərdə mütləq psixoloq və ya psixiatrın peşəkar qiymətləndirməsinə ehtiyac var.

Digər tərəfdən, düşünmürəm ki, süni intellekt psixoloqlara müraciəti tam əvəz edəcək. Əksinə, bəzi insanlar ilk dəfə psixoloji mövzularla məhz süni intellekt vasitəsilə tanış olur və sonradan peşəkar yardıma müraciət etmək qərarı verirlər. Yəni bu texnologiya müəyyən hallarda psixoloji xidmətlərə çıxışı asanlaşdıran körpü rolunu oynaya bilər”.

N.Orucov qeyd edib ki, gələcəkdə çox güman ki, süni intellekt və psixoloqlar bir-birini əvəz edən deyil, tamamlayan vasitələr olacaq: “Süni intellekt psixoedukasiya, stressin idarə olunması ilə bağlı ümumi məlumatlar, özünü müşahidə və gündəlik emosional dəstək baxımından faydalı ola bilər. Amma insanın dərin emosional problemlərinin, travmalarının və mürəkkəb psixoloji vəziyyətlərinin həllində peşəkar psixoloji yardımın rolu əvəzolunmaz olaraq qalacaq.

Ən doğru yanaşma süni intellekti faydalı köməkçi vasitə kimi görmək, lakin onu psixoloji diaqnoz və ya müalicə vasitəsi kimi qəbul etməməkdir. Psixi sağlamlıq sahəsində texnologiya imkan yarada bilər, amma insanla insan arasında qurulan terapevtik əlaqəni tam əvəz edə bilməz”.

Oğuz Ayvaz 

"AzPolitika.info"