Azərbaycan ədəbiyyatına və yerli müəlliflərin əsərlərinə marağın azalması ilə bağlı fikirlər tez-tez səsləndirilir. Oxucuların seçimlərində xarici müəlliflərin üstünlük təşkil etməsi bu mövzunu daha da aktuallaşdırır.

Bəs Azərbaycan ədəbiyyatına niyə kifayət qədər üstünlük verilmir? Yerli müəlliflərin əsərlərinin daha geniş oxucu auditoriyasına çatması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan yazıçı Sevinc Elsevər bildirb ki, Azərbaycanda yerli müəlliflərə soyuq münasibət və onların əsərlərinə marağın az olması bir sıra amillərlə bağlıdır: “Bunun əsas səbəblərindən biri cəmiyyətdə mövcud olan özgüvən çatışmazlığıdır. Azərbaycan cəmiyyətində xarici müəlliflərə və ümumilikdə xaricdən gələn məhsullara daha üstün münasibət formalaşıb. Bizdə həmişə belə düşüncə olub ki, başqaları daha yaxşı bacarır. Bu yanaşma təkcə yazıçılara deyil, həkimlərə, müəllimlərə, alimlərə, eləcə də incəsənət və idman sahəsində çalışan insanlara da aiddir. Nə etsək də, hamını razı salmaq mümkün olmur”.

Sevinc Elsevər hesab edir ki, bu münasibətin dəyişməsi üçün Azərbaycan ədəbiyyatının beynəlxalq uğurlar qazanması vacibdir: “Bunun isə tək-tək müəlliflərin deyil, bütövlükdə ədəbi mühitin və dövlət siyasətinin dəstəyi ilə mümkündür. Oxucuların müəlliflərdən gözləntiləri də həddindən artıq böyükdür. Oxucu istəyir ki, yazıçı həm onun həyatını yazsın, həm hüquqlarını müdafiə etsin, həm də cəmiyyətin problemlərini həll etsin. Müasir yazıçı isə ilk növbədə öz mətnini yazmaq istəyir. Hüquqların müdafiəsi başqa peşələrin işidir.”

S.Elsevər yerli müəlliflərin çətin vəziyyətə düşməsində nəşriyyatların da rolunu vurğulayır: “Bəzi nəşriyyatlar “yerli müəlliflər xarici yazıçılarla rəqabət apara bilmir” fikrini formalaşdırmaqla onların əməyini ucuz qiymətləndirir, kitablarını ya qonorarsız, ya da çox aşağı məbləğ qarşılığında çap edirlər. Yerli ədəbiyyatın inkişafı yalnız müəlliflərin deyil, oxucuların da məsuliyyətidir. Yerli ədəbiyyata dəstək vermək müəlliflərin kitablarını almaq və oxumaqdan başlayır. Sadəcə “niyə bizdə ədəbiyyat inkişaf etmir?” deməklə nəticə əldə etmək mümkün deyil. Yazıçının kitabları satılsa, o, bütün vaxtını yaradıcılığa sərf edə bilər və bu da yeni, keyfiyyətli əsərlərin yaranmasına şərait yaradar.”

Xanım yazıçı müasir dövrdə reklam və təqdimatın da böyük rol oynadığını vurğulayıb: “Sosial şəbəkələrin təsirinin artdığı bir zamanda müəllifin özünü və kitabını tanıtması satışlara birbaşa təsir göstərir. Azərbaycanda yazıçılıq hələ də peşə kimi qəbul edilmir. İnsanlar düşünür ki, əgər həqiqi yazıçıdırsa, maddi gözləntiləri olmamalıdır. Bu işə tam mənəvi yanaşmalıdır. Hər hansı diqqət, maddi qarşılıq ummadan yazırsansa, əsl yazıçısan və sevgiyə layiqsən. Yox, bir az diqqət, bir az dolanışıq üçün gəlir arzuladınsa, ədəbiyyatdan istifadə edirsən, vicdanını satmısan və s. Dolanışıq qayğıları ilə yaşayan insanın uzun müddət yüksək yaradıcılıq motivasiyasını qoruması çətindir. Mən özüm də əvvəlki motivasiyamı qismən itirmişəm. Amma hələ də yazmağa davam edirəm. Ola bilər ki, zamanla onu da itirim. Digər həmkarlarım da eyni vəziyyətdədir. Heç kimi qınamıram. Heç kəsdən ömrünün sonuna qədər fədakarlıq gözləmək düzgün deyil. Hər kəsin gücü müəyyən həddə qədərdir”.

Oğuz Ayvaz

“AzPolitika.info”