2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanmış Vaşinqton Bəyannaməsindən bir il ötür.
Həmin görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin bərqərar olunmasına dair razılaşdırılmış saziş mətnini paraflamış, Bakı və Vaşinqton isə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu imzalamışdılar.
Keçmiş millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli "AzPolitika"ya açıqlamasında bildirib ki, bu hadisə Cənubi Qafqazda münaqişə dövrünün başa çatmasının və postmünaqişə mərhələsinin başlanmasının rəsmi təsdiqi oldu. Onun sözlərinə görə, görüş regionda yeni təhlükəsizlik arxitekturasının, dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında sülhün təmin olunmasının, eləcə də Zəngəzur dəhlizi daxil olmaqla regional kommunikasiyaların açılmasının bünövrəsini qoyub.
Ancaq ekspert vurğulayır ki, ötən bir il ərzində İrəvan rəhbərliyi praktiki addımlar atmaqdan yayınır: "Nikol Paşinyan və digər erməni rəhbərlər beynəlxalq tribunalarda sülhə hazır olduqlarını dəfələrlə bəyan etsələr də, əsas maneəni aradan qaldırmaq üçün konkret addım atmayıblar. Problem sülh müqaviləsinin mətnində deyil, sülh prosesini başa çatdırmaq üçün Ermənistan hakimiyyətinin siyasi iradəsinin yetərsizliyindədir".
Q.Əlibəyli qeyd edib ki, paraflanmış sülh müqaviləsinin imzalanmasına yeganə hüquqi maneə Ermənistan Konstitusiyasıdır: "Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar var. Azərbaycanın bu müddəaların çıxarılmasını sülhün yeganə şərti kimi irəli sürməsi tamamilə haqlıdır və dəyişməzdir. İrəvan Vaşinqton Bəyannaməsi ilə bu öhdəliyi üzərinə götürsə də, prosesi ləngidir. Keçən ilin sonlarında yeni konstitusiya layihəsinin bu ilin martında ictimai müzakirəyə çıxarılacağı bildirilsə də, məsələ ilin sonuna saxlanıldı."
Sabiq deputat Ermənistan rəhbərliyinin vaxt qazanmaq taktikasına əl atmasını daxili və xarici amillərlə izah edir:
"Daxili siyasi amil: Ermənistan cəmiyyətində və siyasi səhnəsində revanşist qüvvələr hələ də nüfuzunu qoruyur. Paşinyan komandası parlamentdə çoxluğa sahib olsa da, konstitusiya referendumunu təyin etmək üçün tələb olunan mütləq səs çoxluğuna malik deyil və daxili təzyiqləri nəzərə almağa məcburdur.
Xarici amil: Ermənistan böyük güclər arasında manevr edir. Rusiyadan asılılıq, Moskva və Tehranın (Zəngəzur dəhlizinə qarşı) təzyiqləri qətiyyətli qərarların verilməsini çətinləşdirir. İrəvan beynəlxalq şəraitin dəyişəcəyinə və Azərbaycan üzərində diplomatik təzyiq yaratmaqla konstitusiyanı dəyişmədən saziş imzalayacağına ümid edir".
Ekspertin fikrincə, prosesin uzanması ilk növbədə Ermənistanın öz iqtisadiyyatına zərbə vurur, investorları gözləmə mövqeyinə vadar edir.
Azərbaycanın prinsipial mövqeyini xatırladan Q.Əlibəyli vurğulayıb ki, sülhün qalıcı olması üçün gələcəkdə yeni ərazi iddialarına yol açacaq hüquqi boşluqlar indidən bağlanmalıdır: "Sülh sazişi yalnız Paşinyan hakimiyyəti ilə deyil, Ermənistan dövləti ilə bağlanır və onillikləri tənzimləməlidir. Azərbaycan sülh üçün üzərinə düşəni edib. İndi əsas vəzifə beynəlxalq diplomatiya və informasiya məkanında Ermənistanın hansı öhdəliklərdən qaçdığını faktlarla müntəzəm şəkildə dünya ictimaiyyətinə çatdırmaq, diplomatik təzyiqi artırmaqdır. Beynəlxalq aləmdə haqlı olmaq vacibdir, amma bu haqlılığı qəbul etdirmək daha da vacibdir".
Rasim
"AzPolitika.info"

Şərhlər