Son dövrlərdə debatlar mövzusu olan "çörəyin qida rasionundan çıxarılması" trendi elmi dairələrdə ciddi etirazla qarşılanıb. Tibb elmləri doktoru, professor Musa Qəniyev hazırladığı elmi analitik materialda çörəkdən tamamilə imtina etməyin bizim region insanı üçün ağır, hətta müalicəyə tabe olmayan klinik fəsadlara və qəfləti ölümə səbəb ola biləcəyini bəyan edib.
"AzPolitika" xəbər verir ki, professor çörəyin çəki artıqlığı və diabet riskini artırması ilə bağlı iddiaların elmi əsasının olmadığını və bu yanaşmanın genetik faktorlar nəzərə alınmadan tirajlandığını bildirib.
Məqələdə önə çıxan əsas elmi faktlar:
-10 min illik genetik adaptasiya: Neolit dövründən (10-20 min il əvvəl) başlayaraq çörəklə qidalanan xalqların, o cümlədən bizim region insanının DNT-sində ciddi genetik adaptasiya formalaşıb;
-AMY1 geni və nişastanın həzmi: Tarixən çörək yeyən populyasiyaların DNT-sində ağız suyu amilazasını kodlayan AMY1 geninin kopya sayı (6–15 ədəd) çörək yeməyən xalqlardan (2–4 ədəd) 3-4 dəfə çoxdur. Bu da çörəyin elə ağızdaca effektiv parçalanmasını təmin edir.
Diabet və piylənmə riski kimlər üçündür?
Çörək yeyən xalqlarda şəkərin tənzimlənməsini təmin edən xüsusi genetik mutasiyalar (TCF7L2, PPARG, IRS1) var. Çörək yalnız tarixən ondan istifadə etməyən populyasiyalarda 2-ci tip diabet və piylənmə yaradır. Bizim region insanı üçün isə çörək risk faktoru deyil.
-Qlüten tolerantlığı və immun sistemi: Bizim regionun insanlarında qlütenə qarşı immunitet tolerant formalaşıb. Çörəkdən imtina olunarsa, orqanizmdə zülal, hormon, ferment və immunoloji sintez kəskin pozular.
Professor Musa Qəniyev vurğulayır ki, B qrupu vitaminləri (B1, B2, B3, B6, B9), dəmir, maqnezium, fosfor və pəhriz lifləri ilə zəngin olan çörəkdən imtina etmək olmaz. Nəinki imtina etmək, əksinə, orqanizmin tələbatına uyğun olaraq düzgün çörək növlərindən (ağ, kəpəkli, çovdar) istifadə etmək bir çox patoloji proseslərdə "üniversal dərman" rolunu oynayır.
M. Qəniyev xəbərdarlıq edib ki, minilliklər ərzində formalaşan qidalanma ənənəsini birdən-birə pozmaq orqanizmin daxili ehtiyatlarının tükənməsinə, müalicə olunmayan ağır xəstəliklərə və qəfil ölümə gətirib çıxara bilər.
"AzPolitika.info"

Şərhlər