Bir neçə gündür Rusiya paytaxt Kiyev başda olmaqla Ukraynaya qarşı dinc əhali arasında tələfatlara səbəb olan raket və PUA hücumları həyata keçirərkən, ötən gecə də Ukrayna Rusiya ərazisinə yüzlərlə PUA göndərib.

“AzPolitika” xəbər verir ki, sosial mediada bu hücumlara dair məlumat və görüntülər yayımlanıb.

Belqorod vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayevin sözlərinə görə, 9 avqust gecəsi Ukrayna Silahlı Qüvvələrinin dronları yenidən Rusiyanın sərhəd şəhəri olan Belqoroda hücum edib. O, Telegram-da yazıb ki,  hücumlar nəticəsində dörd yaşayış binası, bir inzibati bina, sosial və kommersiya obyektləri zərər görüb.

Aleksandr Şuvayev əvvəlcə 3 nəfərin həlak olduğunu bildirsə də, operativ qərargahın son məlumatına görə, ölənlərin sayı 5-ə çatıb. Hücum nəticəsində 25 nəfər xəsarət alıb. Mülki şəxslər arasında uşaqlar da var. 4 yaşlı bir oğlan uşağı döş qəfəsinin qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

PUA zərbələri nəticəsində fərdi ev və iki avtomobil yanıb. 

Başqırdıstanın fövqəladə hallar üzrə dövlət komitəsinin məlumatına görə, dronların əsas hədəfi Ufa şəhərində yerləşən sənaye müəssisələri olub.

PUA-lardan biri Ufanın Dyom rayonunda tikilməkdə olan binaya çırpılıb. Qüllə kranına dəyərək dam örtüyünə düşən dron yanğına səbəb olub. Məlumata görə, xəsarət alan və ya həlak olan yoxdur.

Qeyd edək ki, ümumi gücü ildə 23,5 milyon ton xammal təşkil edən Ufa Neft Emalı Kompleksi son bir həftədə dəfələrlə hücuma məruz qalıb:

1-2 avqust: "Başneft-UNPZ" və "Başneft-Ufaneftexim" zavodları vurulub.

5 avqust: "Başneft-Novoyl" zavodu hədəf alınıb.

Krasnodar diyarının Novorossiysk şəhərinin meri Andrey Kravçenko bildirib ki, PUA qalıqları Verxnebakanski qəsəbəsində iki müəssisənin və fərdi evin ərazisinə düşüb. Hadisə yerində köməkçi tikili yansa da, yanğın qısa müddətdə söndürülüb. Xəsarət alanların olmadığı bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik hücumla bağlı şərh verməyib.

"Astra"nın məlumatına görə, Belqorod vilayəti üzrə FSB İdarəsinin bir şöbəsi şəhərdəki üç zədələnmiş yaşayış binasının arasında yerləşir. Ukrayna PUA-larının həmin idarəni hədəf aldığı güman edilir.

Bundan əlavə, "Astra"nın məlumatına görə, Ukrayna hücumundan zərər çəkmiş dördüncü bina Belqorod İstilik Elektrik Stansiyasından 600 metr aralıda yerləşir.

Rusiya monitorinq kanalları və yerli hakimiyyət orqanları Ukrayna dronlarının ötən gecə, həmçinin, Novorossiysk liman şəhərinə yenidən hücum etdiyini bildiriblər. Novorossiysk meri Andrey Kravçenko daha sonra sosial mediada Ukrayna dron hücumu zamanı iki müəssisənin və bir şəxsi evin ərazisinə "dron qalıqları" düşdüyünü bildirib.

Rusiya Müdafiə Nazirliyi səhər hesabatında bildirib ki, ötən gecə Rusiyanın 17 bölgəsi, ilhaq edilmiş Krım, eləcədə Qara və Azov dənizləri üzərində 153 Ukrayna dronu vurulub.

“AzPolitika.info”