ABŞ Prezidenti Donald Tramp İrana qarşı “Dəmir Qapı” (Task Force Iron Gate) əməliyyatının başlandığını elan edib. Bu xəbər Qərb mediasında birmənalı qarşılanmayıb. Belə ki, əməliyyatın bir çox detalları qeyri-müəyyən olaraq qalır və onun elan edilən hədəflərilə bu işə cəlb olunan qüvvələr arasında qeyri-mütənasiblik açıq şəkildə nəzərə çarpır.
Öncədən qeyd edək ki, sözügedən əməliyyat əsasən Xəzər dənizi istiqamətini əhatə edir. Trampın iddiasına görə, İranın Xəzər dənizi üzərindən silah təminatı və ümumilkdə bu istiqamətdə İranla bağlı yüklərin hərəkətinə qarşı mübarizə aparmaq üçün yaradılmış “Dəmir Qapı” İşçi Qrupu artıq İslam Respublikasında əməliyyatlara başlayıb.
"Dəmir Qapı İşçi Qrupu İran İslam Respublikasında tam fəaliyyətdədir. Tarixin ən böyük dəniz blokadası ilə birlikdə, İrana demək olar ki, heç nə daxil olmur və ya çıxmır!", - deyə ABŞ Prezidenti Truth Social-da yazıb.
O, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən 7 noyabrda yaradılan qrupun İranda necə fəaliyyət göstərdiyini dəqiqləşdirməyib, həmin fəaliyyətin təfərrüatlarını, iş mexanizmlərini, kəşfiyyat orqanlarının və agent şəbəkələrinin istifadə olunub-olunmadığını, ABŞ-nin İranın bu sərhədlərini necə idarə etməyi planlaşdırdığını və ya ABŞ silahlı qüvvələrinin Xəzər dənizində yüklərin ələ keçirilməsində iştirak etməyi planlaşdırıb-planlaşdırmadığını açıqlamayıb.
Qərb mediası isə yazır ki, Trampın İrana qarşı elan etdiyi “Dəmir Qapı” əməliyyatı İranın digər istiqamətlərdəki quru sərhədləri və Xəzər dənizi vasitəsilə həyata keçirdiyi bütün qeyri-qanuni ticarət, silah və təchizat marşrutlarını tamamilə bağlamağı nəzərdə tutur.

Bu, dəniz blokadasının Xəzərə doğru genişləndirilməsi anlamını daşıyır. Məlum olduğu kimi, ABŞ-nin bundan əvvəl İranın cənub limanlarına (Fars və Oman körfəzləri) tətbiq etdiyi sərt dəniz blokadası mövcuddur. Bu blokada İrana böyük iqtisadi ziyan vurur və danışıqların əsas mövzularından biri - İranın ilkin tələbi həmin blokadanın götürülməsidir. "Dəmir Qapı" əməliyyatı isə bu sıxışdırma siyasətini İranın şimalına və qonşu ölkələrlə olan quru sərhədlərinə daşıyır. Trampın ifadəsi ilə desək, məqsəd "İrana həm qurudan, həm də sudan heç bir malın daxil olmasına və ya oradan çıxmasına imkan verməməkdir".
Bəs ABŞ bunun üçün hansı qüvvələrdən və vasitələrdən istifadə edəcək?

CENTCOM-un rəsmi bəyanatına görə, Florida ştatının Tampa şəhərində yerləşən “Dəmir Qapı” əməliyyatı ilə bağlı xüsusi işçi qrupu aşağıdakı fəaliyyətləri məhdudlaşdırmaq üçün kəşfiyyat və sanksiya mexanizmlərini koordinasiya edir:
-Qabaqcıl silah sistemlərinin və hərbi avadanlıqların İrana daxil olmasının və ya regional proksi qruplara ötürülməsinin qarşısını almaq.
-Həm mülki, həm də hərbi sənayedə (məsələn, raket və dron istehsalında) istifadə edilə bilən texnoloji detalların daşınmasını əngəlləmək.
-Sanksiya siyahısında olan məhsulları, xüsusilə Xəzər dənizi marşrutu ilə Rusiya və digər tərəfdaşlarla olan ticarət dövriyyəsini sıfıra endirmək.
-Tehranın qeyri-qanuni yollarla gəlir əldə etdiyi gizli iqtisadi kanalları bloklamaq.

Əməliyyata rəhbərlik edən xüsusi qrup təxminən 20 hərbi və mülki kəşfiyyat mütəxəssisindən ibarətdir. Hərbi analitiklər qeyd edirlər ki, bu sayda kiçik bir qrupun nəhəng quru və dəniz sərhədlərini fiziki olaraq qoruması qeyri-mümkündür. Buna görə də "Dəmir Qapı" əməliyyatının əsas icra forması peyk və kəşfiyyat məlumatlarının operativ ötürülməsi, eləcə də bu gizli marşrutlarda iştirak edən üçüncü tərəf şirkətlərinə qarşı dərhal beynəlxalq sanksiyaların tətbiq edilməsidir.
Yəni, hazırda bu əməliyyat birbaşa fiziki, yaxud hərbi müdaxiləni deyil, kəşfiyyat əməliyyatları və sanksiya tətbiqini nəzərdə tutur. Bu, hələlik hərbi baxımdan olmasa belə, ümumilikdə İrana qarşı savaşın bir növ Xəzərə də daşınması anlamına gəlir. Xəzər isə həm də Azərbaycana aiddir…
Doğrudur, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Xarici İşlər Nazirliyi bu planı " söz oyunu" və siyasi manevr adlandırıb. Tehran tərəfi bəyan edib ki, ABŞ bu yolla İran iqtisadiyyatını çökdürə bilməyəcək və ölkə qonşu dövlətlərlə logistik əlaqələrini saxlamaq üçün lazımi tədbirləri artıq görüb.
Lakin yaxın keçmişdə baş verənlər, xüsusilə də İranın Əli Xamenei başda olmaqla demək olar bütün siyasi rəhbərliyinin qətlə yetrilməsi ilə başlayan, İranın bütün hava məkanının nəzarətə götürülməsi və vacib hərbi infrastruktur obyektərinin vurulması ilə davam edən məlum hərbi müdaxilə göstərdi ki, Tehranın arxayın bəyanatları heç də hər zaman reallqıda özünü doğrulda bilmir…
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər