Binəqədi rayonunda rabitə infrastrukturu bərbad vəziyyətə düşüb və ərazidə internet təminatı tamamilə kəsilib. Sakinlər aidiyyəti qurumların məsələyə biganə yanaşmasından narazıdırlar.
"AzPolitika" xəbər verir ki, problem Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart və Əli Məmmədov küçələrində qeydə alınıb.
Jurnalist Elnurə Abuşovanın verdiyi məlumata görə, sözügedən ünvanda infrastruktur acınacaqlı durumdadır. Xüsusilə Əli Məmmədov küçəsində 3 ədəd rabitə dirəyi əyilib və qırılan naqillər yerə tökülərək bərbad vəziyyət yaradıb.
Jurnalist mövcud vəziyyətlə bağlı kəskin narazılığını ifadə edib:
"Binamızda internet kəsilib. Qaynar xəttə yığmışam, guya xəbərləri yox imiş, əlaqə saxlayacaqlar. Daşdan səs çıxır, onlardan yox... "Aztelekom", dünyanın elan etdiyi 'X günü' yaxınlaşıb bəlkə, xəbərimiz yoxdur? Hanı bizim internet? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, rəqabət yaradın, alternativ provayderlər də işləsin."
Müraciətdən sonra əlaqədar qurumlardan sakinlərlə əlaqə saxlanılaraq ərazidə qəza baş verdiyi, briqadanın hazırda işlədiyi və problemin yaxın saatlarda həll ediləcəyi bildirilib. Lakin əraziyə baxış keçirərkən orada heç bir işçi briqadasının olmadığı, qırılan xətlərin isə hələ də yerdə qaldığı bildirilib.
Üstəlik, ərazidə mobil internetin keyfiyyəti də çox aşağıdır və sakinlər alternativ rabitədən belə düzgün istifadə edə bilmirlər. Sakinlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən rəqabət mühiti və alternativ provayderlər üçün şərait yaratmağı tələb edirlər.
Qəza xidmətindən yenidən əlaqə saxlanılaraq bildirilib ki, qısa zamanda ərazidə təmir işlərinə başlanılacaq və problem tamamilə aradan qaldırılacaq.


Şərhlər