Menu

"ZƏFƏR REGİON ÜÇÜN KABUS OLAN MEXANİZMİ DAĞITDI...” - “İllərlə "yarımcan eşşəyə" minib xalqı aldadıb sərvət topladılar...”

10.11.2026, 08:52
"ZƏFƏR REGİON ÜÇÜN KABUS OLAN MEXANİZMİ DAĞITDI...” - “İllərlə "yarımcan eşşəyə" minib xalqı aldadıb sərvət topladılar...”

Tofiq Zülfüqarov: "Əgər Ermənistan sülh yolunu seçməsə, biz qalib tərəf kimi dövlət institutlarımızı gücləndirməyə davam edəcək və strateji maraqlarımızı qorumaq üçün hər cür qətiyyətli addım atacağıq"

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov CBC telekanalına müsahibəsində Azərbaycanın əsas iştirakçısı olduğu regional prosesləri şərh edib.

“AzPolitika” müsahibəni ixtisarla oxuculara təqdim edir:

– Tofiq müəllim, ötən 6 ildən sonra Zəfər Gününün əhəmiyyətini necə qiymətləndirərdiniz? Niyə məhz bu bayram bizim üçün bu qədər böyük məna daşıyır?

– Təbii ki, bu gün siyasi, geosiyasi və emosional qiymətləndirmələr çox səslənir. Lakin tarixdə elə günlər olur ki, cəmiyyətin ictimai şüurunda köklü dəyişikliklər baş verir. Məsələn, özümü misal çəksəm, 20 Yanvar hadisələrindən sonra mən ilk dəfə hiss etdim ki, artıq Sovet İttifaqının vətəndaşı deyiləm. Zəfər Gününə gəldikdə isə, biz bunu sadəcə 44 günlük müharibənin qələbəsi kimi deyil, sovet dövründən zühur edən, müxtəlif fazalardan keçən və on minlərin, yüz minlərin qanına susayan o qanlı "münaqişə maşınının" belinin qırıldığı gün kimi qiymətləndirməliyik. Bu Qələbə sadəcə Azərbaycan üçün deyil, bütün region üçün bir kabus olan mexanizmi dağıtdı. Beynəlxalq münasibətlərdə tez-tez “münaqişələrin idarə olunması” termini işlədilir. Bu, əslində, bir çox dövlətlərə – həm böyük, həm də kiçik ölkələrə qarşı tətbiq olunan uzunmüddətli proqramdır. Məsələn, bu terminin vətəni Böyük Britaniyadır, amma illərdir Şimali İrlandiyada problemləri var idi, yaxud Çin üçün Tayvan məsələsi mövcuddur. SSRİ-dən sonrakı məkan da uzun illər bu sistemin hədəfi olub. Bu sistemin mahiyyəti odur ki, qonşular əvvəlcə “biz və onlar” deyə bölüşdürülür, ortaya düşmənçilik toxumları səpilir və qısa müddətdə qonşusunu öldürməyə hazır “vətəndaşlar” yetişdirilir.

Azərbaycan isə öz dövlətçiliyini, ideologiyasını, güc strukturlarını gücləndirərək və parlaq diplomatiya nümayiş etdirərək bu buxovlardan birdəfəlik qurtuldu. Mən illərlə Minsk qrupu çərçivəsində aparılan danışıqların, o proseslərin içində olmuşam. Orada əsas benefisiarları Rusiyadan tutmuş Qərbə və İrana qədər müxtəlif dövlətlər idi – siyahı uzundur. Amma real siyasət dəyərlərdən fərqlidir. 6 il əvvəl Azərbaycan bu sistemi darmadağın etdi və sonrakı 3 ildə də bu mexanizmi tamamilə sıradan çıxartdı. Necə ki, 20 Yanvarda sovet vətəndaşı olmaqdan çıxdığımı hiss etdim, 6 il əvvəl də hamımız qalib dövlətin vətəndaşı olduğumuzu hiss etdik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın və ordumuzun göstərdiyi qəhrəmanlıq milli kimliyimizi və dövlətçiliyimizi zirvəyə qaldırdı.

– Müharibə regionda tamamilə yeni reallıqlar yaratdı. Diplomat kimi, əvvəllər malik olmadığımız və məhz bu münaqişəyə görə edə bilmədiyimiz hansı imkanları indi əldə etmişik?

– Münaqişə illərində biz çox şeydən məhrum idik. Məsələn, “Əsrin müqaviləsi”nin imzalanması və ya enerji siyasətimizin inkişafı zamanı Minsk qrupunun təzyiqləri daim üzərimizdə idi. Hətta o vaxt rusiyalı vasitəçi Kazimirov da etiraf edirdi ki, Köçəryanın Gəncə istiqamətində hücum etmək istəklərinin qarşısını çətinliklə alırlar. Bütün bu təzyiqlər inkişafımızı bloklamaq üçün idi.

İndi isə biz bu yükdən azad olub yeni inkişaf pəncərəsi açmışıq. Azərbaycan artıq “orta güc dövləti” kimi ÜDM-mizə və ya ərazimizə uyğun gələndən qat-qat böyük rol oynamağa başlayıb. Bakı şəhərində tıxaclardan şikayətlənsək də, ölkəmiz BMT, Qoşulmama Hərəkatı səviyyəsində və digər qlobal idman, mədəniyyət tədbirlərinin mərkəzinə çevrilib. Cəmiyyətimizdə L.Qumilyovun dediyi “pasionarlıq” yüksələn xətt üzrə inkişaf edir.

Bundan əlavə, coğrafi mövqeyimiz unikal və həyati əhəmiyyətlidir. Biz dünyada həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkəyik. Şimalımızda və cənubumuzda kəskin böhranlar hökm sürür – şimalda Ukrayna PUA-ları Rusiya infrastrukturunu vurur, cənubda İsrail hərbi-hava qüvvələri İran limanlarına zərbələr endirir. Belə bir ziddiyyətli mühitdə Xəzər dənizinin sahilindəki bu kiçik sahil zolağı və hava məkanı (məsələn, təyyarələrin keçdiyi həmin 80 kilometrlik ən dar təhlükəsiz uçuş dəhlizi) Avrasiyanın iki hissəsini birləşdirən yeganə təhlükəsiz yoldur. Azərbaycan qonşuları və Türk Dövlətləri Təşkilatındakı tərəfdaşları ilə birlikdə bu qırılmış kommunikasiyaları bərpa edir. Bakı heç bir hərbi koalisiyaya qoşulmur, real siyasət yürüdür və dünyaya sabitlik ixrac edir.

– Azərbaycan hər zaman sülhə və sabitliyə sadiqliyini göstərir. Bəs Ermənistanda bu anlayış varmı? Parlament seçkilərindən yarım il keçdikdən sonra orada hansı dəyişiklikləri müşahidə edirsiniz?

– Təəssüf ki, Ermənistan rəhbərliyi cəmiyyətdəki konfrontasiya əhval-ruhiyyəsini aradan qaldırmaq əvəzinə, hakimiyyətini qoruyub saxlamaq üçün yenə də vaxt uzatmaq yolu tutub. Keçmiş erməni prezidentləri də belə edirdilər – o “yarımcan eşşəyə” minib illərlə xalqı aldadıb sərvət topladılar.

Məni Nikol Paşinyanın son bəyanatları çox narahat etdi; xüsusilə də konstitusiya dəyişikliyi və referendumu 2032-ci ilə qədər uzatmaq niyyətində olduqlarını deməsi. Qonşu dövlətə qarşı ərazi iddialarından və anneksionizmdən imtina etmədən, konstitusiyanı dəyişmədən sizi heç kim dinc ölkələr klubuna qəbul etməyəcək. Bu cür bəyanatlar göstərir ki, sülh gündəliyi yenə uzaq gələcəyə atılır və əsas məqsəd kresloda oturub vaxt qazanmaqdır. Əgər Ermənistan sülh yolunu seçməsə, biz qalib tərəf kimi dövlət institutlarımızı gücləndirməyə davam edəcək və strateji maraqlarımızı qorumaq üçün hər cür qətiyyətli addım atacağıq.

– ABŞ-də keçirilən aralıq seçkiləri və Konqresdəki bəzi dairələrin, erməni diasporunun təsirləri regional sülhə necə təsir edə bilər? Vaşinqton amili nə dərəcədə vacibdir?

– Gənc dövlət olanda bizdə də illüziyalar var idi ki, guya ABŞ Konqresindəki hər hansı səsvermə bizim taleyimizi həll edir. 1998-ci ildə səfirliyimizlə birlikdə Konqresdə necə çalışdığımızı yaxşı xatırlayıram. Orada hər şey pulla işləyən lobbiçilik mexanizmləridir – kimə pul ödəyirsənsə, o, sənin istədiyin sözləri səsləndirməyə başlayır. Biz o vaxt 907-ci düzəlişi ləğv etməyə çox yaxınlaşmışdıq, amma sonra anladıq ki, bu oyunların torpaqlarımızın azad olunmasına heç bir aidiyyəti yoxdur.

Ona görə də kimin Konqresə seçilməsinin, hansısa ştatdan ermənipərəst konqresmenin çıxmasının bizim üçün heç bir önəmi yoxdur. Məsələn, Nensi Pelosi kimi fiqurlar – milyonlarla dollar alıb qondarma məsələlərdə ağlaşma qurub sərvət qazanan siyasətçilər sadəcə teatr oyunçularıdır. Əsas odur ki, ermənilərə artıq hər səviyyədə açıq şəkildə bildirilib ki, vaxtı uzatmaq mümkün deyil, ölkəmizin əsas tələbi – kommunikasiyaların açılması təmin edilməlidir.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri çox güclü siyasi mesajdır. İki ölkə arasındakı münasibətlərin indiki vəziyyəti barədə nə deyərdiniz?

– Beynəlxalq münasibətlərdə sadəcə “qardaş qardaşa bunu edər” kimi emosional yanaşmaq kifayət deyil. Reallıq ondan ibarətdir ki, həm Türkiyənin, həm də digər tərəfdaşlarımızın daxilində müxtəlif siyasi mərkəzlər mövcuddur. Məsələn, Türkiyənin xarici siyasətində əsaslanan iki fərqli ideoloji xətt var:

1.Neosmanizm: Əsasını müsəlman həmrəyliyi təşkil edir, çünki Osmanlı imperiyasında etnik mənsubiyyət deyil, din ortaq kriteriya idi.

2.Turanizm: Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində türk xalqlarının birliyini nəzərdə tutan tamamilə fərqli platformadır.

Baxmayaraq ki, bu konseptlər arasında müəyyən fərqlər var, bu gün Bakı və Ankara bu prosesin əsas lokomotividir. Regionumuzdakı bütün qonşu dövlətlərdə (Rusiya, Çin, İran, Gürcüstan) türksoylu əhali yaşayır. Mən sosial şəbəkələrdə bəzilərinin “İranı və ya başqalarını TDT-yə müşahidəçi kimi niyə buraxırlar?” deyə narahat olduğunu görürəm. Mən əksini düşünürəm – niyə əvvəlcədən özümüzü məğlub saymalıyıq? Əksinə, müşahidəçi kimi onları da dəvət etmək lazımdır ki, bu təşkilat vasitəsilə həmin regionlara da təsir imkanlarımız olsun. Bu, diplomatiyamız üçün güclü alətdir.

-Söhbətin əvvəlində qeyd etdiyiniz milli ideologiya məsələsinə “Azərbaycançılıq" ideyasına qayıdaq. Bu gün bu anlayışın əhəmiyyəti nədən ibarətdir?

-Qonşularımız bəzən ironiya ilə "siz "Coca-Cola"-dan da gəncsiniz" deyə cəfəngiyyatlar səsləndirirlər. Amma unudurlar ki, məsələn, İtaliya da Qaribaldi dövründən sonra birləşib, yəni Coca-Cola-dan yalnız bir az yaşlıdır. ABŞ isə elə həmin "Coca-Cola"-nın banisidir, amma "amerikalı" anlayışı müasir dövlətçiliyin məhsuludur.

Bəs azərbaycanlı kimdir? Azərbaycanlı - Azərbaycan Respublikasının vətəndaşıdır! Zəfər müharibəmizdə müxtəlif millətlərin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda məhz Azərbaycan vətəndaşı olaraq çiyin-çiyinə vuruşdular, qəhrəmancasına şəhid oldular. Məhz bu Vətən müharibəsi və qazanılan Qələbə xalqımızın şüurunda "Azərbaycan vətəndaşı" anlayışını möhkəmləndirdi. Cəmiyyətimizin bu birliyi ölkəmizin gələcəyini müəyyən edən ən əsas təməldir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol