Siyasi hadisələrin əhəmiyyəti bəzən yalnız müəyyən zaman keçdikdən sonra bütün aydınlığı ilə görünür. İmzalanan sənədin, verilən qərarın və əldə olunan razılaşmanın arxasınca hansı proseslərin gəldiyi onun həqiqi siyasi çəkisini müəyyən edir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşün növbəti ildönümü münasibətilə regiondakı son siyasi və iqtisadi mənzərəni şərh edib.
Deputatın sözlərinə görə, həmin tarixdə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanan sənədlərə aradan keçən bir ilin prizmasından baxdıqda, Vaşinqton görüşünün Cənubi Qafqazın gələcəyi üçün hansı strateji dönüş nöqtəsi olduğu aydın görünür.
S.Qurbanov bildirib ki, Vaşinqton görüşündən sonra sülh prosesinin ən mühüm diplomatik nəticələrindən biri 1 sentyabr 2025-ci ildə ATƏT Nazirlər Şurasının qərarı ilə Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinə rəsmən xitam verilməsi oldu: "30 ilə yakın vaxt ərzində Minsk qrupu çərçivəsində aparılan danışıqlar Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmədi. Azərbaycan bu problemi özü həll etdikdən sonra artıq mövcud olmayan münaqişə üçün yaradılmış vasitəçilik mexanizminə siyasi ehtiyac qalmadı. Sonrakı proseslər Bakı ilə İrəvan arasında birbaşa dialoqun əhəmiyyətini artırdı. Nyu-Yorkda xarici işlər nazirlərinin, 2026-cı ilin fevralında isə Əbu-Dabidə dövlət başçılarının keçirdiyi görüşlər göstərdi ki, iki ölkə arasında münasibətlərin gələcəyi kənar vasitəçilərdən deyil, tərəflərin öz siyasi iradəsindən asılıdır".
Komitə sədrinin sözlərinə görə, ötən bir ilin ən diqqətçəkən addımlarından biri sülh prosesinin birbaşa iqtisadi münasibətlərə təsir göstərməyə başlamasıdır: "Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, eləcə də üçüncü ölkələrdən Ermənistana taxıl və digər məhsulların Azərbaycan ərazisindən tranziti artıq reallığa çevrilib.
Ticarət əlaqələrinin başlaması və yeni nəqliyyat dəhlizlərinin müzakirəsi regionda sabitliyin qorunmasını hər iki tərəf üçün həyati əhəmiyyətli məsələyə çevirir. TRIPP çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılması və bunun Transxəzər nəqliyyat sistemi ilə inteqrasiyası Mərkəzi Asiyadan Avropaya uzanan coğrafiyada Azərbaycanın tranzit mövqeyini daha da gücləndirir".
Sadiq Qurbanov vurğulayıb ki, Vaşinqton görüşü eyni zamanda Azərbaycan–ABŞ münasibətlərində uzun illər mövcud olmuş siyasi maneələri aradan qaldırdı: "ABŞ Prezidenti Donald Tramp tərəfindən 'Azadlığa Dəstək Aktı'na 907-ci düzəlişin tətbiqinin dayandırılması ədalətin bərpası idi. Bunun məntiqi davamı olaraq, 10 fevral 2026-cı ildə Bakıda Prezident İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Cey Di Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu sənəd iqtisadiyyat, enerji, təhlükəsizlik və ticarət sahələrində ikitərəfli əlaqələri keyfiyyətcə yeni pilləyə qaldırdı".
Milli Məclisin komitə sədri qeyd edib ki, siyasi və iqtisadi müstəvidəki irəliləyişlərlə yanaşı, "Sülh Körpüsü" təşəbbüsü və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri də cəmiyyətlər arasında ilk insani təmasların yaranmasına təkan verib.
Bununla belə, deputat prosesin tam yekunlaşması üçün prinsipial məqamları xatırladıb: "Yekun sülh sazişinin imzalanması üçün Ermənistanın hüquqi sistemində Azərbaycanın ərazi bütövlüyünə qarşı gələcəkdə iddialara əsas yarada biləcək müddəalar tamamilə aradan qaldırılmalıdır. Sülh elə sağlam hüquqi baza üzərində qurulmalıdır ki, gələcəkdə hakimiyyət dəyişiklikləri dövlətlərin suverenliyini yenidən mübahisə predmetinə çevirməsin".
Sadiq Qurbanov fikirlərini Prezident İlham Əliyevin "Biz sülh içində yaşamağı öyrənirik" sözləri ilə yekunlaşdıraraq bildirib ki, 2020-ci ildə döyüş meydanında dəyişən regional reallıq 2025-ci ilin Vaşinqton görüşü və sonrakı bir il ərzində iqtisadi, hüquqi və diplomatik məzmunla tamamilə möhkəmləndirilib".
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər