“Ukrayna müharibəsi nə bu il, nə də gələn ilin yazında bitməyəcək”

Serbiya Prezidenti Aleksandr Vuçiç hesab edir ki, mövcud vəziyyət dünyanın daha böyük bir müharibənin astanasında olduğunu göstərir.

“AzPolitika” xəbər verir ki, Vuçiç bu açıqlamanı “Axel Springer”in baş direktoru Matias Döpfnerin aparıcılığı ilə yayımlanan podkastda verib.

"Əgər şəxsən məndən soruşursunuzsa, səbəbini izah etmədən deyəcəyəm ki, biz daha böyük bir müharibənin başlanğıcındayıq. Mən ümid edirdim ki, indiyə qədər kimsə sülhə nail olmaq üçün addımlar atacaq. Bu baş vermədi və yaxın zamanda da baş verməyəcək. Bu o deməkdir ki, biz daha, daha böyük bir müharibənin astanasındayıq", - Vuçiç bildirib.

Vuçiç daha böyük miqyaslı müharibəyə hansı ölkələrin cəlb oluna biləcəyini dəqiqləşdirməyib. Lakin o, növbəti beş il ərzində ABŞ, Çin, AB, Rusiya və Hindistan ətrafında yeni bir dünya nizamının yaranacağını və bu zaman hazırda mövcud olduğundan "daha dağıdıcı vasitələrdən" istifadə ediləcəyini proqnozlaşdırıb.

Müsahibədə Vuçiç həmçinin Rusiya-Ukrayna müharibəsinin 2026-cı ilin sonu və ya 2027-ci ilin yazında bitəcəyini gözləmədiyini bildirib. O bunu hər iki tərəfin dalana dirənməsi ilə izah edib və yalnız tərəflərdən birinin açıq-aşkar üstünlük qazanmasından sonra kompromis əldə etməyin mümkün olacağına inandığını bildirib.

Vuçiç həmçinin Vladimir Putinin bütün Donbas üzərində nəzarəti ələ keçirməyə çalışdığını və bundan sonra müharibəyə son qoymağa hazır ola biləcəyini iddia edib.

Serbiya Prezidenti ABŞ və Avropa ölkələrini Rusiya qoşunlarının tükənməsini gözləməkdənsə, danışıqlar və atəşkəs axtarmağa çağırıb: "Heç kim sülh istəmir. Hamı qarşı tərəfin məğlub olmasını istəyir". 

O əlavə edib ki, müharibənin nəticəsi bir tərəfin məğlubiyyəti deyil, kompromis olmalıdır.

C.Məmmədli

“AzPolitika.info”