ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfərindən sonra ölkədən çıxışı ilə bağlı diqqətçəkən təhlükəsizlik əməliyyatının detalları üzə çıxıb.

“Washington Post”un yazdığına görə, Tramp iyulun 8-də NATO sammiti çərçivəsində səfər etdiyi Ankaradan ayrılarkən əvvəlcə “Air Force One” kimi istifadə olunan Boeing 747-yə minib. Lakin təyyarə havaya qalxmamış prezident gizli şəkildə başqa bir təyyarəyə keçirilib.

Məlumata görə, Tramp hava limanında istifadə olunan yük maşını ilə uçuş-enmə zolağının başqa hissəsinə aparılıb və daha kiçik hərbi təyyarə olan C-32A-ya mindirilib.

ABŞ mediasının məlumatına əsasən, əməliyyatın arxasında Trampa qarşı İranla əlaqəli mümkün sui-qəsd təhdidi dayanıb. Prezidentin real yeri jurnalistlərdən və hətta bəzi Ağ Ev əməkdaşlarından da gizli saxlanılıb.

Bu zaman əvvəlki “Air Force One” isə Trampın hələ də onun içində olduğu təəssüratını yaratmaq üçün istifadə edilib. Təyyarə bir sıra media nümayəndələri və digər şəxslərlə birlikdə Türkiyədən ayrılıb.

Ağ Evin kommunikasiya direktoru Steven Cheunq prezidentin təhlükəsizliyi üçün genişmiqyaslı tədbirlərin görüldüyünü bildirib. O, həmçinin Qətərin ABŞ-yə hədiyyə etdiyi yeni təyyarənin qabaqcıl təhlükəsizlik sistemlərinə malik olduğunu vurğulayıb.

Trampın gizli şəkildə C-32A təyyarəsinə keçirilməsi ABŞ prezidentlərinin təhlükəsizliyi ilə bağlı istifadə olunan aldatma taktikasının ilk nümunəsi deyil. Məlumata görə, 2000-ci ildə ABŞ-nin keçmiş prezidenti Bill Klintonun Pakistan səfəri zamanı da onun real uçuş marşrutunu gizlətmək məqsədilə oxşar üsuldan istifadə olunub.

Keçmiş Gizli Xidmət rəhbəri vəzifəsini icra edən Ronald L. Rove Jr. isə prezidentin təhlükəsizliyi baxımından bu cür tədbirlərin və prezidentin hərəkətləri barədə məlumatların məxfi saxlanmasının vacib olduğunu bildirib.

"AzPolitika.info"