Rusiya hakimiyyəti ölkə daxilində və xaricə edilən səfərlərə nəzarəti daha da sərtləşdirməyə hazırlaşır. Rusiya Nəqliyyat Nazirliyi vətəndaşların təyyarə, qatar, avtobus və su nəqliyyatı ilə hərəkətini daha dəqiq izləməyə imkan verən yeni əmr layihəsi hazırlayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı "Vyorstka" nəşri yayıb. Yeni qaydalar sərnişinlərin hərəkət marşrutunun "onlayn rejimdə" və minimum gecikmə ilə izlənilməsini hədəfləyir.
Hazırda daşıyıcılar və bronlaşdırma xidmətləri sərnişinlərin bilet məlumatlarını, minmə-düşmə vaxtlarını, eləcə də nəqliyyatın hərəkət qrafiki barədə məlumatları dövlətə ötürməyə borcludurlar. Yeni əmr isə bu nəzarəti daha total xarakterə daşıyır:
Artıq sadəcə planlı deyil, faktiki hərəkət marşrutları, o cümlədən çarter reysləri barədə məlumatlar dərhal dövlət bazasına daxil ediləcək.
Aviaşirkətlər sərnişinin son təyinat məntəqəsinə çatması barədə məlumatı 15 dəqiqə ərzində, avtomobil və su nəqliyyatı daşıyıcıları isə 30 dəqiqə ərzində aidiyyəti qurumlara təqdim etməlidir.
Hər bir səfər üçün unikal identifikator yaradılacaq. Bu, sərnişinin bilet almasından tutmuş son dayanacağa çatana qədər etdiyi bütün hərəkətlərin vahid bir zəncirdə birləşdirilməsinə imkan verəcək.
Dövlət bazalarında sərnişinlərin telefon nömrələri, elektron poçt ünvanları, bank kartı və hesab nömrələri, IP ünvanları, hətta şəxsi kabinetlərin şifrələrinin "heş"ləri (şifrələnmiş forması) saxlanılır. İndi buna bagaj parametrləri və keçid (tranzit) məlumatları da əlavə olunacaq.
Hüquqşünaslar və insan haqları müdafiəçiləri hesab edirlər ki, bu təşəbbüs ilk növbədə xüsusi xidmət orqanlarının (FSB) maraqlarına xidmət edir.
"Bu sistemin əsas məqsədi xüsusi nəzarətdə olan şəxslərin hərəkətlərini operativ şəkildə, saniyəbəsanı izləməkdir", - deyə "Birinci şöbə" hüquq-müdafiə təşkilatının vəkili Yevgeni Smirnov bildirib.
Ekspertlərin fikrincə, bu addım Rusiyada vətəndaşların şəxsi həyatına müdaxilənin və siyasi repressiyaların yeni mərhələsi kimi qiymətləndirilir. Kreml bununla həm daxili, həm də beynəlxalq səfərlər zamanı "arzuolunmaz" şəxslərin dairəsini daraltmağı və onların hərəkətlərini tamamilə nəzarətə götürməyi planlaşdırır.
Rasim
"AzPolitika.info"

Şərhlər