Əmək qabiliyyətli əhali ölkələrin potensial işçi qüvvəsini qiymətləndirməyə imkan verən mühüm demoqrafik göstəricidir. 

"AzPolitika" xəbər verir ki, 15–64 yaş aralığında olan şəxsləri əhatə edən bu qrup, məşğul olan və ya iş axtaran, iqtisadiyyatda aktiv iştirak etmək ehtimalı yüksək olan təbəqəni təmsil edir. Əmək qabiliyyətli əhalinin yüksək faizi ölkənin iqtisadi artım və məhsuldarlıq potensialının böyük olmasından xəbər verir.

Əmək qabiliyyətli əhalinin sayına (və ya payına) görə TOP 10 ölkə siyahısına əhalisinin 83 faizdən çoxunun əməkqabiliyyətli olması ilə Qətər başçılıq edir. BƏƏ 82 faizlə ikinci, Küveyt 78,4 faizlə üçüncü, Bəhreyn 77,4 faizlə dördüncü, Britaniya Vircin adaları 75,64 faizlə beşinci olub. Sıralamanı Maldiv, Kayman adaları, Sinqapur, Səudiyyə Ərəbistanı və sonda Yamayka tamamlayır. Azərbaycan isə bu göstərici üzrə 69,65 faizlə təqdim edilən siyahıda 36-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, sözügedən statistik göstəriciləri Visual Capitalist analitik portalı BMT-nin (United Nations) əhali üzrə demoqrafik məlumatlar bazasına əsasən hazırlayıb.

Demoqrafik mənzərə

Yüksək əmək qabiliyyətli əhaliyə malik ölkələr, adətən, dinamik iqtisadiyyatları və güclü əmək bazarları ilə seçilir. Lakin miqrasiya, doğum səviyyəsi və sosial siyasət kimi amillər bu göstəricilərə ciddi təsir göstərir.

Körfəz ölkələrində bu vəziyyət yetərincə qənaətbəxşdir. Belə ki, "Visual Capitalist" analitik portalının son araşdırmasına görə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt reytinqdə ön sıralarda yer alır. Bunun əsas səbəbi həmin ölkələrin böyüyən iqtisadiyyatlarını dəstəkləmək üçün kütləvi şəkildə xarici işçi qüvvəsini (immiqrantları) cəlb etməsidir.

Maliyyə mərkəzləri ki, Sinqapur və Kayman adaları kimi regionlar da beynəlxalq biznes və maliyyə habı olmaları sayəsində yüksək əmək qabiliyyətli əhali payını qoruyub saxlayırlar.

İqtisadi planlaşdırmada əmək qabiliyyətli əhalinin rolu

İşçi qüvvəsinin himaydə olanlardan (uşaqlar və təqaüdçülər) sayca çox olması "demoqrafik dividend" effekti yaradır. Bu üstünlük ölkələrə məhsuldarlığı artırmağa, infrastruktur və inkişaf layihələrinə daha çox sərmayə yatırmağa imkan verir.

Böyük işçi qüvvəsi təkcə imkan deyil, həm də məsuliyyətdir. Ölkələr kifayət qədər iş yeri yaratmalı, rəqabətqabiliyyətli əmək bazarı formalaşdırmalı və keyfiyyətli təhsil təmin etməlidirlər. Əks halda, işsizlik və ya ixtisasa uyğun gəlməyən məşğulluq problemləri yarana bilər. Miqrantların üstünlük təşkil etdiyi ölkələrdə isə əmək hüquqları və sosial inteqrasiya əlavə diqqət tələb edir.

Gələcək perspektiv: Qocalma və iqtisadi dəyişikliklər

Qlobal doğum səviyyəsinin düşməsi və orta ömür uzunluğunun artması bir çox ölkədə əhalinin qocalmasına gətirib çıxarır. Yaponiya və Avropa dövlətləri artıq əmək qabiliyyətli əhalinin azalması ilə üzləşir, bu da səhiyyə və pensiya sistemlərinə təzyiqi artırır. Həmin ölkələr işçi qüvvəsini sabit saxlamaq üçün immiqrasiya siyasətini yumşaltmaq və ya pensiya yaşını qaldırmaq məcburiyyətindədirlər.

Əksinə, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın gənc və aktiv əhaliyə malik ölkələri xarici işçiləri cəlb etməyə və iqtisadi artımı sürətləndirməyə davam edirlər. Bu ölkələr üçün əsas hədəf iqtisadi infrastrukturu qorumaq və miqrasiya axınlarını düzgün idarə etməkdir.