Menu

PENSİYA SİSTEMİNDƏ NƏLƏR DƏYİŞİR? – Deputat yeni mexanizmin detallarını AÇIQLADI

01.10.2026, 16:59
PENSİYA SİSTEMİNDƏ NƏLƏR DƏYİŞİR? – Deputat yeni mexanizmin detallarını AÇIQLADI

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında birinci oxunuşda qəbul edilən pensiya qanunvericiliyinə dəyişikliklər layihəsi ölkənin sosial təminat sistemində köklü yeniliklərin əsasını qoyur. 

Təklif olunan layihə sığorta şərtləri ilə pensiyaya çıxan şəxslərlə yanaşı, xüsusi şərtlərlə pensiya təminatına malik olan kateqoriyaların – deputatlar, vəzifəli şəxslər, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Hesablama Palatasının üzvləri, diplomatlar və inzibati vəzifə tutan dövlət qulluqçularının pensiya təminatında tamamilə yeni mexanizmin tətbiqini nəzərdə tutur.

Bəs xüsusi şərtlərlə pensiya alan bu kateqoriyadan olan şəxslər üçün nə dəyişir? Bu dəyişiklik onların pensiya məbləğinə necə təsir edəcək?

Yeniliyə əsasən, bu təbəqədən olan şəxslərin pensiyaya çıxış qaydası sosial haqlara və yığımlara əsaslanan ümumi modelə inteqrasiya olunur. Yeni qanun qüvvəyə mindikdən sonra pensiyaya çıxacaq şəxslər üçün pensiyanın bazası toplanan sosial kapitalın 144 ay üzrə bölünməsi və üzərinə müvafiq qaydalarla müəyyənləşdiriləcək aylıq əlavələrin gəlinməsi ilə formalaşacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin üzvü, deputat Vüqar Bayramov “AzPolitika”ya açıqlamasında layihənin mahiyyətini, sosial kapitalın hesablanması qaydasını və 2027-ci ildən tətbiq olunacaq diferensial indeksləşdirmə mexanizmini ətraflı şərh edib. 

Onun sözlərinə görə, dəyişikliyə əsasən pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur:

“Nəzərə alsaq ki, bu, növbəti dövrdə pensiyaçı olan vətəndaşlarımıza şamil olunacaq, hazırda pensiyada olan insanlara şamil olunmur. Çünki onların pensiya məbləğlərində hər hansı bir dəyişiklik olmayacaq. Və bu, eyni zamanda, sığorta şərtləri ilə pensiya alanlara şamil olunan dəyişikliklərdir. Belə ki, bu zaman sözügedən vətəndaşların pensiya məbləği hesablanan zaman onların işlədiyi müddətdə topladıqları sosial kapital 144-ə bölünəcək. Alınan məbləğin üzərinə isə aylıq pensiya əlavəsi əlavə olunacaq”.

Millət vəkilinin sözlərinə görə, aylıq pensiya əlavəsinin məbləği qanunla deyil, qaydalarla müəyyən ediləcək və güman olunur ki, bu qaydalar da məhz uyğun dövlət qurumu tərəfindən təklif olunaraq təsdiq olunacaq. “Nəticədə sığorta şərtləri ilə pensiya alan vətəndaşlarımızın qanun qəbul edildikdən sonra pensiya məbləğlərinin hesablanması sosial yığımlar və aylıq əlavələr əsasında formalaşacaq və bu da artıq pensiyaların hesablanmasında yeni bir qaydadır”, – o əlavə edib.

Millət vəkili layihədə digər istiqamətin pensiyanın indeksləşdirilməsi ilə bağlı olduğunu qeyd edib. Belə ki, mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Onun sözlərinə görə, yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq. 

Belə ki, orta aylıq əməkhaqqı məbləğində pensiya alanların pensiya məbləği tam olaraq indeksləşdiriləcək. Yəni hazırda 1170 manatadək pensiyası olanların aldıqları məbləğlər əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksləşdirilərək artırılacaq və bu, təbii ki, 2027-ci ilin yanvarında baş verəcək.

“Orta aylıq əməkhaqqından çox, 5000 manatdan az pensiyaçı vətəndaşlarımızın pensiya məbləğləri 0,5-ə, 5000 manatdan çox məbləğ alanların pensiya indeksləşməsi isə 0,2-yə vurulacaq. Yəni söhbət indeksləşmə faizinə tətbiq edilən əmsallardan gedir. Heç bir halda, təbii ki, pensiya məbləğinin dəyişdirilməsi nəzərdə tutulmayıb və bu, təbii ki, bu qanunun subyekti deyil. O baxımdan, indeksləşdirmədə üç interval olacaq: orta aylıq əməkhaqqı məbləğində pensiyaçı vətəndaşlarımız, orta aylıq əməkhaqqı məbləğindən nisbətən çox, 5000-dən az pensiyaçıların və 5000 manatdan çox pensiya alanların və bu zaman əmsalların tətbiqi nəzərdə tutulub”, - deyə V. bayramov bildirib. 

Vüqar Bayramov vurğulayıb ki, bütövlükdə məqsəd az pensiya alan vətəndaşların pensiya məbləğlərini indeksləşdirmə zamanı daha çox artırmaq, yüksək pensiya alanların pensiya məbləğlərini isə əmsallar vasitəsilə tənzimləməkdir. 

“Bu, pensiyalar arasındakı fərqin azalmasına və median pensiya məbləğinin artmasına xidmət edəcək”, – deyə o vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol