Rusiya Silahlı Qüvvələri son aylarda Ukrayna ərazisinə idarəolunan aviasiya bombalarının (KAB) tətbiqini rekord həddə çatdırıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, aviasiya bombalarının həm ümumi sayı kəskin artıb, həm də onların tətbiq olunma məsafəsi genişlənib. Artıq cəbhə xəttindən 50-90 kilometr dərinlikdə, dərin arxa cəbhədə yerləşən dinc yaşayış məntəqələri kütləvi şəkildə darmadağın edilir.

Ukrayna mediası yazır ki, Dnepropetrovsk vilayətinin Sinelnikovo rayonunda yerləşən Vasilyovka qəsəbəsi cəbhə xəttindən təxminən 50 kilometr aralıdadır. Əvvəllər dərin arxa cəbhə sayılan bu məntəqə cəmi bir ay ərzində kütləvi aviazərbələr nəticəsində büsbütün xarabalığa çevrilib.

Ərazidən insanları təxliyə edən "Proliska" humanitar missiyasının rəhbəri Yevgeni Kaplin bildirib ki, son 3-4 həftə ərzində Rusiya aviasiyası yalnız bu qəsəbəyə 250-dən çox idarəolunan avia-bomba atıb. Hətta bir saat ərzində Vasilyovkaya 10 avia-bombanın düşdüyü dəhşətli "rekordlar" qeydə alınıb.

Iyunun 13-də qəsəbəyə birbaşa 12 avia-bomba düşüb, nəticədə çoxmərtəbəli yaşayış binası, yerli bazar və mağazalar dağılıb, 9 dinc sakin yaralanıb. Iyulun 10-da isə ərazidən mülki əhalinin məcburi təxliyəsi elan edilib.

Bölgədən "Ağ mələklər" adlı polis evakuasiya dəstəsi ilə birgə reportajlar hazırlayan ukraynalı hərbi müxbir Yevgeni Koptev ərazidəki vəziyyəti "apoqalipsis mənzərəsi" kimi qiymətləndirib: "Vasilyovka və ətraf kəndlər hər gün, hətta hər saat kütləvi şəkildə idarəolunan avia-bombalarla vurulur. Sakinlərin sözlərinə görə, sutka ərzində 10-11 KAB düşdüyü vaxtlar olur. Bombanın düşdüyü yerdə elə bir böyük çala əmələ gəlir ki, qəlpələri ətrafdakı bütün evləri, infrastrukturu tamamilə məhv edir. Ruslar bu zonada məktəbləri, uşaq bağçalarını, mağazaları və elevatorları bilərəkdən vururlar ki, insanları vahiməyə salsınlar və ərazini tam boşaltsınlar".

Müxbir əlavə edib ki, Vasilyovkada gördüyü mənzərə əvvəllər Donetskdəki Pokrovsk və Mirnoqrad şəhərlərində şahidi olduğu dəhşətli dağıntılardan heç də fərqlənmir.

Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşukun sözlərinə görə, Rusiya aviasiyası bu bombaları təmas xəttini keçmədən, işğal altında saxladığı ərazilərin səmasında - 40-50 kilometr aralıdan atır. Bu səbəbdən mülki əhali üçün yeganə müdafiə vasitəsi yalnız ərazidən uzaqlaşmaqdır.

Həmçinin humanitar missiya nümayəndələri qeyd edirlər ki, Rusiya hərbçiləri ərazidə xüsusi "gecikdirilmiş partlama mexanizminə" malik bombalardan ("KAB-jdon") da istifadə edirlər. Bu bombalar düşdükləri yerdə dərhal partlamır, bir müddət sonra – xilasedicilər və ya mülki şəxslər yaxınlaşdıqda partlayaraq daha çox tələfata səbəb olur.

Mütəxəssislərin diqqət çəkdiyi ən təhlükəli məqamlardan biri Rusiya aviasiyasının vurma məsafəsini sürətlə genişləndirməsidir. Belə ki, cəbhə xəttindən 90 kilometr uzaqlıqda yerləşən Pavloqrad şəhəri də ilk dəfə idarəolunan avia-bombaların hədəfinə çevrilib. Avqust ayının ilk günlərində Pavloqrada endirilən zərbələr nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb, çoxlu sayda mənzil zərər görüb.

Mütəxəssislər bildirirlər ki, cəbhədə böyük yarma əməliyyatları həyata keçirə bilməyən Rusiya tərəfi bu taktikadan istifadə edərək Ukraynanın dərin arxa cəbhəsində "yaşayış üçün yararsız zonalar" yaratmağa çalışır.

Rasim Əliyev

"AzPolitika.info"