Avqustun 19-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir neçə regionuna kütləvi hücumlar təşkil edib. Hücumlar nəticəsində sənaye obyektləri və yaşayış binaları hədəf alınıb.
Ən gərgin vəziyyətlərdən biri Başqırdıstanda qeydə alınıb. Ufa şəhərində sənaye müəssisəsi hücuma məruz qalıb, PUA-lardan birinin sənaye zonasında düşməsi nəticəsində yanğın baş verib.
Başqırdıstanın rəhbəri Radiy Xabirovun verdiyi məlumata görə, digər bir dron isə Zaton mikroorayonundakı yaşayış binasına çırpılıb. İlkin məlumatlara əsasən, bir nəfər xəsarət alıb. Ümumilikdə bölgəyə 6 dronla hücum edildiyi, onlardan 4-nün hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilir.
Gecə saatlarında Nijni Novqorod vilayəti də kütləvi PUA hücumuna məruz qalıb. Vilayət rəhbəri Qleb Nikitinin açıqlamasına görə, bölgəyə qarşı 52 dron tətbiq olunub. Dronun qalıqlarının düşməsi nəticəsində iki fərdi yaşayış evi, avtomobillər və çoxmənzilli binanın şüşələri zədələnib. Xəsarət alan yoxdur.
Dzerjinsk şəhərinin sakinləri isə şəhər üzərində qalın tüstü buludlarının əmələ gəlməsini əks etdirən kadrlar yayıblar. "ASTRA" nəşrinin araşdırmasına əsasən, tüstülənmə mənbəyinin yüksək ehtimalla Sverdlov adına partlayıcı maddələr zavodunun ərazisində yerləşdiyi müəyyən edilib.
Həmçinin Vladimir vilayətində də hücum nəticəsində bağ sahələrindəki tikililərə ziyan dəyib. Vilayətin qubernatoru Aleksandr Avdeyev bölgədə ölən və ya yaralanan olmadığını təsdiqləyib.
"AzPolitika.info"

Şərhlər