“Güclü Ermənistan” fraksiyasının Ermənistan Milli Məclisində Avropa İnteqrasiyası üzrə Daimi Komitəsinə rəhbərlik etməsi hökumət dairələrində ciddi narahatlıq yaradıb.

"AzPolitika" bu barədə Ermənistan mediasına istinadla xəbər verir.

Məlumata görə, hakimiyyət “Güclü Ermənistan”ın siyasi mövqeyini nəzərə alaraq, fraksiyanın Avropa İnteqrasiyası Komitəsinə səmərəli rəhbərlik edə biləcəyinə inanmır. Hökumət daxilində fraksiyanın Avropa inteqrasiyasına münasibəti ilə bağlı ciddi şübhələr var. Bəzi hökumət rəsmiləri “Güclü Ermənistan”ı Avropayönlü deyil, Rusiyayönlü siyasi qüvvə kimi xarakterizə edirlər.

Bununla yanaşı, “Güclü Ermənistan”ın komitə sədri vəzifəsinə namizəd göstərdiyi Areq Hovsepyanın namizədliyi hakimiyyət üçün daha ciddi problemə çevrilib. Mənbələr bildirir ki, Hovsepyanın parlament fəaliyyətinin ilk günlərindən qaldırdığı kəskin məsələlər və hakimiyyətə qarşı sərt çıxışları da diqqət mərkəzindədir.

Məlumata görə, hökumət daxilində həm Areq Hovsepyanın komitə sədrliyinə namizədliyi, həm də komitə rəhbərliyinin “Güclü Ermənistan”a verilməsi məsələsi müzakirə olunur. Bu səbəbdən hakim çoxluğun səsvermə zamanı hansı mövqeni tutacağı ilə bağlı hələlik yekun qərar yoxdur.

Hökumət maliyyə, kredit və büdcə məsələləri, eləcə də ərazi idarəetməsi və infrastruktur üzrə daimi komitələrin rəhbərliyini müxalifətə verməyə hazır olsa da, Avropa İnteqrasiyası Komitəsi ilə bağlı məsələyə fərqli yanaşır.

Mənbələrin sözlərinə görə, hökumət bu komitənin rəhbərliyini asanlıqla müxalifətə vermək niyyətində deyil. Hakimiyyət komitəyə nəzarəti saxlamaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Komitəyə kimin rəhbərlik edəcəyi, eləcə də hakim çoxluğun alternativ namizəd irəli sürüb-sürməyəcəyi hələlik məlum deyil. Lakin bir məsələ aydındır: Ermənistan hökuməti Avropa İnteqrasiyası Komitəsinin rəhbərliyinin “Güclü Ermənistan”a verilməsi ilə bağlı hələ yekun qərar qəbul etməyib.

E. Səlimov

AzPolitika.info