Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili keçmiş Baş nazir İrakli Qaribaşvilinin son bəyanatlarına və məktubuna sərt reaksiya verib.
Həbsxanadan müraciət ünvanlayan Saakaşvili xatırladıb ki, vaxtilə məhz Qaribaşvili onu yeni cəzalarla hədələyirdi: “Məgər o demirdi ki, Saakaşvili dayanmasa, ona yeni cəzalar əlavə edəcəyik? İndi ağası ona eyni sözləri deyib və o da birdən-birə Bidzina İvanişvilinin ‘şər’, ‘amansız’ və ‘zülmkar’ olduğunu kəşf edib. Yaxın qohumu bir neçə gün əvvəl ‘intihar etdikdən’ sonra bu durum Qaribaşvilini panikaya salıb. Amma o da bütün yüksək vəzifəli ‘Gürcü Arzusu’ nümayəndələri kimi qorxaqdır. Ona görə də yaxın zamanda tüpürdüyünü adi qaydada yalayacaq”.
Eks-prezident keçmiş komanda yoldaşları arasındakı qarşıdurmanı alleqorik dildə belə qiymətləndirib: “Baxın, nə baş verib - zebra qəfəsdən çıxıb sahibinə qarşı üsyan edib və ona tüpürüb. İndi isə sahibi zooparkın üsyankar sakininin necə sakitləşdiriləcəyini düşünür. Baş oğru İvanişvili ilə onun keçmiş ‘qanadı’ Qaribaşvilinin hekayəsi məhz bundan ibarətdir. Heç bir dəyəri olmayan Qaribaşviliyə gəlincə - karma çox pis şeydir”.
“AzPolitika.info”

Şərhlər