Kredit götürən vətəndaşların yalnız faiz dərəcəsinə deyil, müqavilədə göstərilən bütün əlavə ödəniş və şərtlərə diqqət yetirməsi vacibdir. Komissiya, sığorta, gecikmə cərimələri və digər ödənişlər kreditin real xərcini əhəmiyyətli dərəcədə artıra bilər.

Bəs kredit müqaviləsi imzalanmazdan əvvəl vətəndaş hansı məqamlara xüsusi diqqət etməlidir? Kreditin ümumi geri ödəniş məbləğini və əlavə xərcləri əvvəlcədən necə hesablamaq olar?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında İqtisadi Təhlil İnstitutunun rəhbəri, iqtisadçı-ekspert Məmməd Talıblı bildirib ki,ölkəmizdə problemli kreditlərin həcmi az qala hər rüb artır.

Onun sözlərinə görə, bunun bir neçə fundamental səbəbləri var: kredit şərtlərinin və faiz dərəcələrinin ağırlığı, əhali gəlirlərinin azalması və s. Amma bunlar fundamental səbəblərdir: “Aparıcı deyil, yardımçı amillər sırasında kredit öhdəliklərinin və müqavilə şərtlərinin vətəndaşlar tərəfindən sonacan oxunmaması və o şərtləri dəyişdirə bilmə imkanının olmaması ilə bağlıdır. Vətəndaş hazır müqavilə şərtlərindəki hansısa bəndlərlə razılaşmadıqda müştəriyə başqa bir uzlaşdırıcı şərt təklif olunmur. Çox nəzakətli şəkildə müştəriyə bildirirlər ki, bu şərtlər bizə uyğundur, digərləri yox. Bu bizim bankın hüquq şöbəsinin qəbul etdiyi müqavilə şərtidir. Bu bəndlərdən kənar hansısa müqavilə şərti ilə biz kredit müqaviləsi bağlamırıq. Diqqət etmisinizsə, məhkəmədə demək olar ki, hər zaman məhz bankların iddiası təmin olunur. Çünki bank hüquqşünasları həmin təkliflərin məhkəmə perspektivində maraqlarını tam təmin etdiyini bilirlər”.

Ekspert vurğulayıb ki, ona görə, vətəndaşlar hər zaman müqavilələri bankda deyil, evlərində dərindən oxumadan kredit müqaviləsinə imza atmamalıdırlar: “Həmin müqavilə şərtlərini dərindən analiz etmədən, həmin müqavilələri imzalamaqdan imtina etməlidirlər. Sağlam münasibətlər epizodik və ya tez bir zamanda bağlanmış müqavilə öhdəlikləri ilə deyil, daha çox uzlaşdırılmış və dərk edilmiş şərtlərlə müəyyənləşir. Buna vətəndaşlarımızın riayyət etməsini şiddətlə tövsiyyə edirəm”.

Oğuz Ayvaz 

“AzPolitika.info”