Azərbaycana qarşı açıq cinayət, təhdid və təxribat xarakterli çağırışlarına görə Baş Prokurorluğun məlum 3 rusiyalı “jurnalist” - "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində cinayət işi açaraq, onları axatrışa verməsi Rusiya mediasında, təbliğatında və siyasi dairələrində ciddi rezonans və narahatlıq doğurb. Bu, ilk növbədə Azərbaycan tərəfinin sərt reaksiyasının dəqiq “nöqtə atışı” effekti verdiyini göstərir.
Artıq Aleksey Çadayev Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa verib. Bu, rəsmi açıqlamadır. Əslində isə təbii ki, belə birisi bu qərarı öz xoşu ilə verə bilməzdi, çünki bu cür şovinist təfəkkürlü individ “haqq yoluna” gəlib, Azərbaycana qarşı səsləndirdiyi başıpozuq təhdidlərə görə peşman ola bilməzdi...

Ardınca, Kremlin digər tanınan təbliğatçılarından biri - Armen Qasparyan rusiyalı bloqerləri, jurnalistləri və siyasi şərhçiləri Azərbaycanla bağlı açıqlamalarında daha məsuliyyətli və ehtiyatlı olmağa çağırdı. Onlara “Sputnik”in Bakıdakı ofisinin aqibətini xatırlatdı.
Qasparyan "Solovyev LIVE"ın efirində Azərbaycana qarşı bu cür təhdidlərin, sərt açıqlamaların pis nəticələrə və yeni diplomatik qalmaqallara səbəb ola biləcəyini vurğulayıb.
"Mən dəfələrlə demişəm ki, ictimai-siyasi məkandakı bloqerlərimiz heç olmasa bəzən özlərinə sual verməlidirlər ki, onların sözləri necə şərh edilə bilər”, - deyə Qasparyan bildirib və Bakı ilə münasibətlərin Moskva üçün vacib olduğunu əlavə edib.
Nəhayət, Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycan Baş Prokurorluğunun barələrində cinayət işi qaldırdığı məlum şəxslərin fikirlərinin Rusiyanın hökumət siyasəti ilə heç bir əlaqəsi olmadığını bəyan edib.
"Hesab edirik ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməlidir", - deyə o, bildirib.

Çox gözəl. Bunları bir növ Kreml təbliğatının geriyə addımı, “xoşməramlı jesti” kimi qiymətləndirmək olar.
Lakin Zaxarovanın diqqəqtinə, barəsində bəhs etdiyi, Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Bəyənnamənin 11-ci bəndini çatdırırıq. Orada deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
İndi isə həmin bəyannamədən bu yana Azərbaycana, onun rəhbərliyinə, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı açıq təhdid, işğal çağırışları edən və bununla da sözügedən Bəyannamənin tələblərini kobud şəkildə pozan Rusiya rəsmi və qeyri-rəsmi orqanları nümayəndələrinin bəzilərinin siyahısına baxaq: Rusiya Parlamentinin Komitə sədrinin müavini Konstantin Zatulin, general və Duma üzvü Andrey Qurulyov, deputat Nikolay Valuyev, deputat Vitali Milonov, Kremlə yaxın oliqarx Konstantin Malofeyev və digərləri.

Hələ Vladimir Solovyov və başqa çoxsaylı Kreml təbliğatçılarını, “Z-bloqer”ləri demirik. Bu adamların bir çoxu təkcə Azərbaycan dövlətini, onun başçısını deyil, bütünlükdə azərbaycanlıları hədəf alaraq, onlara qarşı açıq faşist mahiyyətli çağırışlar ediblər.
Məsələn, “Kiomsomolskaya Pravda” radisounun aparıcısı İvan Pankin ötən il Yekaterinburqda Azərbaycan diasporuna qarşı həyata keçirilən açıq repressiyaları, qətlləri dəstəkləyərək, canlı efirdə demişdi ki, “Rusiya hüquq-mühafizə orqanlarının saxladığı iki azərbaycanlı bəlkə də ürək çatışmazlığından ölməyiblər (yəni, döyülərək öldürülüblər-red.), amma mənim vecimə də deyil, buna yalnız tüpürə bilərəm”.
Digər Kreml təbliğatçısı Sergey Mardan da azərbaycanlılara qarşı vəhşi repressiyalar tələbilə açıq çağırışlar etmişdi. Bu cür nümunələri saydıqca saymaq olar. Azərbaycan Baş Prokurorluğunun axtarışa verdiyi “üçlük” də daxi olmaqla, bu imperiyaçı həşəratların dedikləri təkcə Azərbaycan deyil, elə Rusiya qanuinverciliyinə görə də açıq və ağır cinayətlərdir. Əlbəttə, Azərbaycan Baş Prokurorluğu bu qədər “itin-qurdun” hamısına vaxt sərf edib, barələrində cinayət işi qaldırsa, axtarış elan etsə, araşdırma aparsa, başqa işlərə vaxtı qalmaz.

Bəs bunların hansına Rusiya dövləti və hüquq-mühafizə orqanları qiymət verib? Heç birinə! Əksinə, onları “qidalandırıb” və himayə edib.
Bu günsə Zaxarova yalançı “müstəqil media” obrazı yaradıb, guya bütün bunların Rusiya hökumətinin mövqeyini əks etdirmədiyini iddia edir. Rusiyada uzun illərdir, xüsusilə də Ukraynaya qarşı işğalçı müharibə başlayandan bəri güclənən siyasi repressiyalar nəticəsində Kremlin xəttindən fərqli, müstəqil fikir bildirən jurnalist, siyasi şərhçi, politoloq, deputat yoxdur və ola da bilməz! Odur ki, bu adamların guya müstəqil media mənsubları olduğu görüntüsü yaratmaq özünü gülünc vəziyyətə qoymaqdır…
Nəhayət, Zaxarovanın səmimiliyini, yumşaq desək, sual altına alan daha bir danılmaz fakt: Məsələ ondadır ki, Rusiya XİN-in rəsmi sözçüsü olan bu xanımın özü avqustun əvvəlində həmin "YouTube" platformasında, həmin "Семён Уралов" adlı kanalda, həmin "Чистота понимания" verilişində şəxsən, "fəxri qonaq" kimi iştirak edib. Məlum məsələdir ki, Rusiya XİN sözçüsü hər təsadüfi bloqerin, jurnalistin verilişinə qatılmır. Bunun üçün həmin şəxsin və şəxslərin Kremlə xüsusi yaxın "personalar" olması gərəkdir. Zaxarovanın Azərbaycan əleyhinə iyulun ortasında yayımlanan həmin təxribatçı verilişdən qısa müddət sonra bu "jurnalistlər"in qonağı olması isə ondan xəbər verir ki, Zaxarova onları da, onların apardığı təbliğat narrativlərini də çox yaxşı tanıyır və bilir. Hətta şübhə yoxdur ki, onların Azərbaycana qarşı bu çirkin verilişinin ssenarisi də Zaxarovanın çox yaxşı tanıdığı kabinetlərdə hazırlanıb. Belə olan halda, "həmin şəxslərin fikirlərinin Rusiyanın hökumət siyasəti ilə heç bir əlaqəsinin olmadığını" demək uğursuz bir "gözə kül üfürmək" cəhdidir. Ancaq bizim gözümüz zaxarovaların "kül üfürə biləcəyi" gözlər statusundan çoxdan çıxıb...

Bütün bunlar təsadüfi deyil. Azərbaycanın müstəqil siyasəti Kreml qüllələrini qətiyyən qane etmir. Azərbaycanın Ukraynanın işğalına beynəlxalq hüquqa söykənən açıq və cəsarətli münasibəti, ölkəmizin XİN başçısının Ukarynaya səfəri, Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri və Azərbaycan başçısı tərəfindən qəbul edilməsi, Azərbaycanın Rusiyanın viran qoyduğu Ukraynanın İrpen şəhərini bərpa etməsi, İlham Əliyevin həmin şəhərin fəxri vətəndaşı elan olunması və digər çoxsaylı səbəblər Rusiya imperiyaçı təfəkküründə, təbliğatında və onun himayədarlarında qıcıq yaradır.
Lakin Azərbaycanın xarici siyasəti işğalın, istismarın, hüquqsuzluğun, milli və dini ayrıseçkiliyin deyil, ilk növbədə haqqın, beynəlxalq hüququn, suverenliyin, humanizmin tərəfində olduğu üçün güclüdür! Bu gün öz torpaqlarını hərbi yolla azad etmiş Azərbaycan yox, qonşu ölkəni işğal etməyə çalışan Rusiya “izqoy” ölkədir. Bu gün Rusiyanın Azərbaycana daha çox ehtiyacı var, nəinki Azərbaycanın Rusiyaya! Həm siyasi, həm iqtisadi, həm də infrastruktur və xüsusilə İrana nəqliyyat dəhlizləri baxımından. Rusiyanın normal münasibətlər və şərqə, cənuba çıxışı üçün nəfəslik olan Türkiyə ilə əlaqələri də Azərbaycanla münasibətlərdən asılıdır. Bu siyahını uzatmaq və bir çox digər mətləbləri də sadalamaq olar…
Ümumilikdə bu cür gərginliklərin olmaması, normal qonşuluq münasibətlərinin yaranması üçünsə Rusiyanın regiondakı siyasəti, qonşu ölkələrlə münasibətlərinin fəlsəfəsi, bu ölkələrə və xalqlara baxışı dəyişməlidir. Bu olmadıqca, yeni çadayevlər, milonovlar, zatulinlər, pankinlər və digər “zəhər tuluqları” yenə olacaq və önə çəkiləcəklər…
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər