Yay mövsümünün başa çatması və yeni mövsümün başlaması ilə bazarlarda qiymət dəyişiklikləri yenidən gündəmə gəlir. Xüsusilə ərzaq, kənd təsərrüfatı məhsulları və gündəlik tələbat mallarının qiymətlərində mümkün artım istehlakçıları düşündürür.

Sentyabr ayında bazarlarda və mağazalarda hansı məhsulların bahalaşması gözlənilir? Yeni mövsümdə qiymət artımının qarşısını almaq və sabitliyi qorumaq mümkün olacaqmı?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, qiymət artımını yalnız Tarif Şurasının, Nazirlər Kabinetinin və ya digər dövlət qurumlarının qərarları ilə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, qiymətlərə əsasən bazar prosesləri, dünya bazarındakı dəyişikliklər, tələb-təklif nisbəti, logistika xərcləri, idxal qiymətləri və Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiya təsir göstərir: “Qiymət dəyişiklikləri, xüsusilə də idxal qiymətlərindən daha çox asılıdır. Mərkəzi Bankın hesabatına görə, inflyasiyanın təxminən üçdə iki hissəsi təklif amilləri ilə bağlıdır və bunun əsas hissəsini idxal amilləri təşkil edir. Yəni idxal etdiyimiz ölkələrdə qiymətlərin dəyişməsi Azərbaycandakı qiymətlərə də təsir göstərir”.

X.Kərimli enerji qiymətlərindəki artımın da Azərbaycanda istehlak qiymətlərinə təsir göstərə biləcəyini bildirib: “Neft və qazın bahalaşması bir tərəfdən Dövlət Neft Fondunun və dövlət büdcəsinin gəlirlərini artırsa da, digər tərəfdən idxal və daşınma xərclərinin yüksəlməsinə səbəb olur. Enerji qiymətləri qalxanda dövlətin gəlirləri artır. Amma əhali üçün bu, o qədər də yaxşı xəbər deyil. Çünki neft və qazın qiymətinin artması daşınma xərclərini, bununla yanaşı, idxalın maya dəyərini yüksəldə bilər”.

Ekspert Qara dənizdə baş verən geosiyasi proseslərin də ərzaq qiymətlərinə təsir göstərə biləcəyini deyib: “Son həftələrdə Rusiya-Ukrayna müharibəsinin Qara dənizdəki yükdaşımalar üçün yaratdığı risklər artıb. Qara dənizdə baş verən proseslər nəticəsində təkcə iyul ayında dünyada dənli bitkilərin qiymət indeksində 5,8 faizlik artım müşahidə olunub. Duru yağların qiyməti də həmin ay 2 faiz artıb. Bura zeytun, qarğıdalı, günəbaxan və digər bitki yağları daxildir. Qəndin qiymətində isə iyul ayında dünyada 5,6 faizlik artım qeydə alınıb. Quru və isti hava şəraiti, xüsusilə Avropada müşahidə olunan əlverişsiz hava şərtləri də bu artımlara təsir göstərib”.

X.Kərimli hesab edir ki, dünya bazarında müşahidə olunan bu dəyişikliklərin təsiri bir neçə ay ərzində Azərbaycanda da hiss oluna bilər. O, xüsusilə Azərbaycanın əsas idxal tərəfdaşları olan Türkiyə, Rusiya və Avropa ölkələrindəki inflyasiyanın qiymətlərə ciddi təsir göstərdiyini vurğulayıb.


Bununla belə, ekspert əhali arasında ayrı-ayrı məhsulların qiymətinin mütləq bahalaşacağı ilə bağlı panika yaranmasının düzgün olmadığını deyib: “Konkret məhsullar üzrə qiymət dinamikasını əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir və burada bazar prosesləri mühüm rol oynayır. Hazırkı dövrdə Tarif Şurasının qiymət artırıcı qərarları da təsir göstərir. Amma konkret olaraq hansı məhsulun qiymətinin nə qədər bahalaşacağını demək çətindir. Mən yalnız ehtimalları və fərziyyələri səsləndirə bilərəm”.

Ekspert mövsümü başa çatan meyvə-tərəvəz məhsullarının qiymətində artım gözlədiyini bildirib. Ət qiymətləri ilə bağlı isə ucuzlaşma gözləmədiyini deyən Xalid Kərimli qiymətlərin ya sabit qalacağını, ya da artacağını proqnozlaşdırıb.

İqtisadçı, həmçinin Mərkəzi Bankın 2026-cı il üzrə inflyasiya gözləntisini artırdığını diqqətə çatdırıb: “Əvvəlki hesabatlarda 2026-cı il üzrə inflyasiya proqnozu 5,7–5,9 faiz olduğu halda, sonradan bu göstərici 6,1 faizə yüksəldilib. Yəni gözləyirik ki, inflyasiya sürətlənəcək”.

Oğuz Ayvaz 

“AzPolitika.info”