Ermənistan hökuməti parlamentə təqdim etməyə hazırlaşdığı yeni 5 illik fəaliyyət proqramında balansı bərpa edən xarici siyasət kursu yürüdəcəyini bəyan edib. 

Sənəddə xarici dəstəyə ehtiyac qalmadan regionda təhlükəsiz və rahat yaşayış mühitinin yaradılması əsas məqsəd kimi göstərilir. Paşinyan hökumətinin Azərbaycanla münasibətlərdə əsas prioritetləri sülh sazişinin imzalanması, ratifikasiyası və sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsidir.

Türkiyə istiqamətində isə diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması və ən azı iki müasir keçid məntəqəsinin fəaliyyətə başlaması hədəflənir. Sənəddə konkret tarixlər və məntəqə adları açıqlanmasa da, İrəvanın artıq Margara keçid məntəqəsində modernləşdirmə işləri apardığı məlumdur.

Moskvanın Avrasiya İqtisadi Birliyində (Aİİ) qalmaqla bağlı referenduma dair təzyiqləri fonunda, İrəvan qurumla effektiv əməkdaşlığı davam etdirəcəyini vurğulayıb. Proqramda mal, xidmət, kapital və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin ediləcəyi bildirilir.

Qərb istiqamətində iddialı addımlarnəzərdə tutulur. Belə ki, ABŞ ilə əlaqələr Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində inkişaf etdiriləcək, energetika və dəmiryolu altyapısını əhatə edən TRIPP layihəs iicra olunacaq. Avropa İttifaqına gəlincə, 2025-ci ildə Aİ-yə qoşulma prosesi haqqında qanuna əsasən standartlar Avropa normalarına uyğunlaşdırılacaq və 5 il ərzində vizasız rejim prosesi yekunlaşacaq. Fransa ilə siyasət strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacaq.

İrəvan Çin, Hindistan, İran və Gürcüstanla da strateji tərəfdaşlığı dərinləşdirməyi planlaşdırır. Xüsusilə Hindistanla hərbi-sənaye, İranla isə Şimal-Cənub və Fars körfəzi–Qara dəniz nəqliyyat koridorları üzrə enerji və logistika əməkdaşlığının genişləndirilməsi ön plana çəkilir.

Rasim Əliyev

“AzPolitika.info”