İsrail Hərbi Hava Qüvvələrinin Suriyadakı aviabazaya endirdiyi son zərbə regionun iki ən güclü hərbi dövləti arasında gərginliyi yenidən pik həddə çatdırıb. Lakin ekspertlərin fikrincə, kəskin bəyanatlara baxmayaraq, tərəflər arasında açıq müharibə hələ ki uzaq ehtimal olaraq qalır.

İsrailin bu addımı, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın gələcək taleyi uğrunda İsrail və Türkiyə arasında başlayan daha böyük nüfuz mübarizəsinin tərkib hissəsidir. "The Jerusalem Post" nəşrinin məlumatına görə, bəzi İsrail rəsmiləri artıq Suriya ərazisində Türkiyə ilə birbaşa hərbi toqquşma ehtimalını açıq şəkildə dilə gətirirlər.

İsrail analitik dairələrində ehtimal olunan müharibə ssenariləri getdikcə daha çox müzakirə olunur. Bəzi analitiklər Təl-Əviv son təcavüzkar hərəkətini İsrail hakimiyyətinin Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni Suriya hökumətinin mövqelərini möhkəmləndirməsindən narahat olması ilə izah edirlər.

Ancaq bu ilk hal deyil. İsrail illərdir Suriya ərazisini bombalayır . Əsədin devrilməsindən əvvəl də Təl-Əviv "Müharibələr Arası Kampaniya" çərçivəsində ölkəyə minlərlə hava zərbəsi endirib. Həmin əməliyyatların əsas məqsədi İranın Suriyadakı hərbi varlığını məhdudlaşdırmaq olduğu iddia edilsə də, arxasında İsrailin bu əraziləri işğal etmək niyyətinin dayandığı da istisna olunmur.

Təsadüfü deyil ki, Əsəd rejiminin süqutundan sonra da İsrail bu strategiyasını dəyişməyib. Təl-Əviv yeni Suriya rəhbərliyi ilə diplomatik dil tapmaq əvəzinə, qonşu ölkənini ərazisini bombalamaqda davam edir və sərhədyanı zonada quru qüvvələrinin mövcudluğunu genişləndirir.

2025-ci ildən etibarən proseslər daha mürəkkəb xarakter alıb. İsrail hökuməti Suriyanın cənubundakı druz azlığını qoruyacağını iddia edərək, Suriya daxilində separatçılğı alovlandırmaq, yeni qanlı qarşıdurma ocaqları yaratmağa çalışıb. Lakin bu yanaşma nə Dəməşq, nə Əman, nə də digər regional paytaxtlar tərəfindən qəbul edilir. Nəticədə İsrailin Suriya siyasəti anti-İran xəttindən çıxaraq, birbaşa yeni Suriya hökumətinə qarşı mübarizəyə yönəlib. Ekspertlər hesab edirlər ki, bu dinamika isə növbəti mərhələdə Türkiyə ilə birbaşa qarşıdurma riskini artırır.

Hər kəsə bəllidir ki, Suriya hökuməti dəyişdikdən sonra Türkiyə Dəməşqin ən mühüm xarici tərəfdaşına çevrilib. Rəsmi Ankara Suriya ordusunun bərpası, kadr hazırlığı, avadanlıq təchizatı və loqistika sahəsində aktiv dəstək göstərir. Ankara ilə Əhməd əl-Şara arasında qurulan sıx əlaqələr Səudiyyə Ərəbistanı, Qətər və Vaşinqton (Donald Tramp administrasiyası) tərəfindən də müsbət qarşılanıb.

İsrail isə Ankaranın Suriyada təkcə dövlət təsisatlarını deyil, həm də strateji hərbi infrastrukturu, o cümlədən aviabazaları bərpa etməsini özü üçün təhlükə olduğunu iddia edir. Məhz bu səbəbdən İsrail Hərbi Hava Qüvvələrinin Əbu əl-Duhur aviabazasına endirdiyi zərbə Ankara ilə birbaşa münaqişə riski yaradır.

Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, Suriyada və regionda sülh və sabitlik üçün İsrailin bu ehtiyatsız hücumlara son qoyması və beynəlxalq hüququn tələblərini yerinə yetirməsi son dərəcə vacibdir.

BMT də İsrailin Suriya ərazisinə son hava hücumlarına səssiz qalmayıb. BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib ki, bu cür hücumlar yolverilməzdir və dayandırılmalıdır.

"Biz bu zərbələri gördük. Bu, Suriyanın ərazi bütövlüyünün və hava məkanının son dərəcə narahatedici pozulmasıdır. Belə hava hücumları dayandırılmalıdır; biz onlara qarşıyıq", - o deyib.

İsrail tərəfi iddia edir ki, Dəməşq Türkiyə qoşunlarının Hələb yaxınlığındakı aviabazada yerləşməsinə şərait yaratmaqla mövcud təhlükəsizlik "status-kvo"sunu pozur.

Türkiyənin təmkinli mövqeyi və Qəzza faktoru

Türkiyə hələlik Suriyanın İsrail işğalı altındakı Colan təpələrindən uzaq durmağa çalışır və bu ölkə ilə birbaşa hərbi toqquşmada maraqlı olmadığını nümayiş etdirir. 

Türkiyə mediası İsrailin bu hücumlarını daha çox daxili siyasi gündəm və yaxınlaşan seçkilərlə əlaqələndirir. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İsraillə münasibətlərdə əsas diplomatik kanalı saxlayır, lakin Qəzza məsələsində sərt mövqeyini qoruyur. Fidan xəbərdarlıq edib ki, Qəzza razılaşması pozulacağı təqdirdə Türkiyə, Qətər və Misir İsrailə qarşı sərt tədbirlər görə bilər.

Türkiyə XİN rəhbəri bir müddət əvvəl suriyalı həmkarı Əsəd əl-Şeybani ilə Ankarada danışıqlar apardıqdan sonra bildirdimişdi ki, İsrailin aqressiv siyasəti Suriyanın sabitliyinə ciddi təhlükə yaradır. 

"Suriyada təhlükəsizliyin və sülhün qorunması bizim ortaq məsuliyyətimizdir. İsrailin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hücumları onun sabitliyinə ən ciddi təhdidlərdən biridir”, - XİN başçısı deyib.

Ankaranın NATO-nun ən böyük ordularından birinə malik olması, Qətərdən Somaliyə qədər geniş hərbi infrastruktura malik olması İsrail siyasətçiləri üçün baş ağrısına çevrilib.

İsrail müxalifəti nə deyir?

Suriyanın İdlib bölgəsindəki Əbu əl-Duhur aviabazasına zərbə endirilməsini İsrail müxalifəti də kəskin tənqid edib:

İsrail Demokratlar Partiyasının lideri Yair Golan zərbəyə ən sərt reaksiya verən müxalifət siyasətçilərindən olub. O, əməliyyatı “təxribatçı və təhlükəli addım” adlandırıb və bunun İsraili Türkiyə ilə qarşıdurmaya sürükləyə biləcəyini bildirib.

Golanın əsas ittihamı Netanyahu hökumətinin təhlükəsizlik siyasətinin getdikcə siyasi məqsədlərlə qarışmasıdır. Onun sözlərinə görə: “İsrailə təhlükəsizliyə nail olmaq üçün gücdən necə istifadə etməyi bilən, siyasi sağ qalmaq naminə yeni müharibə yaratmayan rəhbərlik lazımdır.”

Golan həmçinin Netanyahu hökumətinin İsrailin beynəlxalq etimadını sistemli şəkildə zəiflətdiyini və ölkəni mühüm tərəfdaşlarından uzaqlaşdırdığını deyib.

İsrail daxilində tənqidin mühüm hissəsi məhz Türkiyə amili ilə bağlıdır. Çünki Netanyahu hökuməti zərbəni Suriyada Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinin qarşısını almaq zərurəti ilə əsaslandırır. İ

akin müxalifətin yanaşması bundan fərqlidir: Türkiyə ilə potensial hərbi toqquşma İsrail üçün yeni və daha təhlükəli strateji cəbhə yarada bilər. Golan da məhz bu səbəbdən əməliyyatı “təxribatçı və təhlükəli” hesab edir.

Golan hesab edir ki, hökumət təhlükəsizlik siyasətini İsrailin uzunmüddətli maraqlarından daha çox Netanyahunun siyasi mövqeyinin qorunması ilə əlaqələndirir. Onun “siyasi sağ qalmaq naminə yeni müharibə yaratmamaq” fikri məhz bu ittihamın əsasını təşkil edir.

Keçmiş müdafiə naziri Moşe Yaalon da Netanyahu hökumətini Türkiyə ilə qarşıdurmanı təhlükəli şəkildə dərinləşdirməkdə günahlandırıb.

Beləliklə, müxalifətin əsas arqumenti budur ki, Suriyadakı zərbə İsrailin təhlükəsizlik maraqlarından çox, Netanyahu hökumətinin regional eskalasiyanı artıran siyasətinin nümunəsidir.

Müxalifətin digər mühüm arqumenti Vaşinqtonla münasibətlərdir. Golan Netanyahu hökumətinin İsraili mühüm müttəfiqlərindən uzaqlaşdırdığını bildirir. Bu tənqid ona görə xüsusilə əhəmiyyətlidir ki, zərbədən sonra ABŞ administrasiyası açıq şəkildə narazılığını ifadə edib və İsrail, Türkiyə və Suriya arasında mümkün insidentlərin qarşısını almaq üçün ayrıca əlaqələndirmə mexanizmi yaratmağa çalışır.

Gələcək ssenarilər və Vaşinqtonun rolu

Mövcud mərhələdə nə Ankara, nə Dəməşq, nə də Təl-Əviv birbaşa müharibə tərəfdarıdır. ABŞ administrasiyası da hər üç tərəflə balanslaşdırılmış münasibətləri saxlamağa çalışır. ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin Əbu əl-Duhur bazasına hücumunu tənqid edərək, bunu regional sabitliyə xidmət etməyən "gərəksiz eskalasiya" adlandırıb. Vaşinqton hesab edir ki, Dəməşq təcavüzkar siyasət yürütmür və məsələlər diplomatiya yolu ilə həll olunmalıdır.

Ən təhlükəli ssenari Türkiyənin Suriyada iri hərbi obyektlər quracağı təqdirdə İsrailin onları hədəf alması və Ankaranın buna birbaşa cavab vermək məcburiyyətində qalmasıdır. Hazırda ən ehtimal olunan ssenari genişmiqyaslı müharibə deyil, Suriya ərazisində hər bir hərbi obyekt və aviabaza uğrunda gedən riskli və gərgin nüfuz mübarizəsidir.

E. Səlimov

AzPolitika.info