Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ortaq tarixi köklərə, qarşılıqlı hörmətə, dərin mənəvi bağlara və xalqlarımız arasında formalaşmış qarşılıqlı rəğbətə əsaslanır. Milli-mədəni inkişafı, dövlətçilik ənənələri və ümumi türk irsi ilə bir-birinə yaxın olan Azərbaycan və Özbəkistan bu gün müstəqil, güclü və suveren dövlətlər kimi münasibətlərini yeni strateji mərhələyə yüksəldirlər.
Bunu "AzPolitika"ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər iki ölkə arasında əlaqələrin mahiyyətini və inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur:
"Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında təbii müttəfiqliyin rəsmi şəkildə möhkəmləndirilməsinə mühüm töhfə verib".
Hüquqi bazanın möhkəmlənməsi və institusional mexanizmlər
Siyavuş Novruzov qeyd edib ki, 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri münasibətlərin strateji əhəmiyyətini daha da gücləndirib:
"İmzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələrin hüquqi bazasını möhkəmləndirib. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura isə bu tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib".
İqtisadi tərəfdaşlıq və “Yaşıl Dəhliz”
Komitə sədrinin sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən birini iqtisadi-ticari əməkdaşlıq təşkil edir:
"Hər iki ölkənin iqtisadi potensialı və coğrafi mövqeyi qarşılıqlı investisiyaların artırılması üçün geniş imkanlar yaradır. Xüsusilə, bərpaolunan enerji sahəsində əməkdaşlıq yeni məzmun kəsb edib. 2025-ci ildə təsis olunmuş “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerjinin ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədi daşıyır".
Mədəni-humanitar bağlar və qardaşlaşmış şəhərlər
Siyavuş Novruzov hesab edir ki, iki ölkə arasında əlaqələr siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmır:
"Ortaq tarix, dil və mədəniyyət humanitar münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Media sektorunda əməkdaşlıq, elmi dairələr və ziyalılar arasında əlaqələr bu tərəfdaşlığın ayrılmaz hissəsidir. Regionlararası əməkdaşlıq çərçivəsində Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşmış şəhər münasibətləri qurulub. Yaxın perspektivdə Naxçıvan və Ürgənc arasında da oxşar addımların atılması nəzərdə tutulur".
Türk dünyasında həmrəylik
Onun fikrincə, Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal iştirakı iki ölkənin Türk dünyasının gələcəyi ilə bağlı ortaq baxışlarını nümayiş etdirir. və Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bu birliyin möhkəmləndirilməsi baxımından mühüm hadisə olub.
"AzPolitika.info"

Şərhlər